"Rəqəmsal dünya"ya xoş gəlmisiz! ÖZƏL - AÇIQLMAMA

"Rəqəmsal dünya"ya xoş gəlmisiz! ÖZƏL - AÇIQLMAMA

"Bundan sonrakı dövrdə internetin rolu daha da artacaq. Daha sürətli internetə ehtiyac duyulacaq və eyni zamanda, daha keyfiyyətli internet tələb olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz post-pandemiya dövründə rəqəmsal sistemə keçidin mümkünlüyündən danışarkən deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasından sonrakı dövr məhz bunu tələb edəcək və dövlət qurumları, şirkətlər və sahibkarların böyük bir qismi başa düşdü ki, bir sıra prosesləri uzaqdan, internet üzərindən də idarə etmək olar:

"Bir sıra xidmətləri internetin üzərinə gətirmək olar. Məsələn, idarəetmə proseslərini internetin üzərinə gətirmək olar. Düşünürəm ki, bundan sonrakı dövrdə internetin rolu daha da artacaq. Daha sürətli internetə ehtiyac duyulacaq və eyni zamanda, daha keyfiyyətli internet tələb olunacaq. Məsələn, xidmətlər və idarəetmə rəqəmsallaşacaq. Bundan sonrakı dövrdə, post-pandemiya dövründə internetin, rəqəmsallaşmanın rolu hədsiz dərəcədə artacaq".

Bəs hansı sahələrdə rəqəmsallaşmağa ehtiyac var?

İnternet Forumun prezidneti vurğulayıb ki, xüsusilə, iqtisadiyyatın əsas, vacib olan sektorlarında, bu xidmət sahəsi ilə əlaqədar onlayn ticarətlə bağlı məsələlər ola bilər:

"Məlum oldu ki, normal bir çatdırılma sistemi qurularsa məhsulların evlərə çatdırılması həyata keçirilə bilər. Bununla da ticarət tamamilə onlayn şəkildə həyata keçirilə bilər. Burada qeyri-adi bir şey yoxdur. Bütün dünyada da bu belədir.

Hesab edirəm ki, dövlət qurumları daha çox internetə, rəqəmsallaşmağa meyilli olmalıdırlar. Çünki, insanlar xidmətləri evdən də ala bilirlər. Yəni, insanların rəqəmsal bacarıqları artacaq və onlar xidmətləri bu istiqamət üzrə almağa çalışacaqlar.

Eyni zamanda da təhsil sektorunda rəqəmsal dövrə keçə bilər. Hökumət bundan sonra təcili olaraq distant təhsil məsələsinə baxmalıdır. Yəni, qanunvericilikdə bu varsa da onun alt yapısı və qaydaları olmadığına görə təhsil müəssisələri əziyyət çəkir. Təhsil sektorunu rəqəmsallaşdırmaq, distant təhsilə keçmək daha doğru olardı".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə