Kitabların insan həyatında əhəmiyyəti

Kitabların insan həyatında əhəmiyyəti

Erməni işğalı nəticəsində Azərbaycanın 700-dən artıq tarixi və mədəniyyət abidəsi, 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq, bu gün bütün dünyada qeyd olunur. Azərbaycanda isə həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında, qorunub-saxlanmasındakı rolunu göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır.

Eyni zamanda, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub-saxlanmasına yönəltməkdir. Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı Ümummilli Lider Heydər Əliyevdir. Məhz Onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaradıldı və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul olundu. "Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açıldı.

Ulu Öndər Heydər Əliyevin tövsiyələri əsasında Avropa məkanında, ilk dəfə olaraq, MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" qanun layihəsi hazırlandı. 2002-ci ildə isə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Qanun qüvvəyə mindi. Müasir dövrdə 5 qanundan, o cümlədən, "ƏMH təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" unikal qanunlardan, 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarət olan Azərbaycanın müəllif-hüquq bazası mövcuddur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində, 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 % aşağı düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilib və onlara əlavələr olunub. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşib, 2004-cü ildə "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun, 2012-ci ildə isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilib və nümunəvi sistem kimi qəbul olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır. Azərbaycan xalqının mədəni irsinin yüz illər boyu ermənilər tərəfindən "Gəldim, gördüm,... mənimsədim" sxemi üzrə oğurlanması siyasəti ölkəmizə qarşı ərazi iddiaları ilə sıx bağlıdır.

Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün Azərbaycan torpaqlarının həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar. Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırırlar. Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış ermənilər öz siyasətilərini davam etdirirlər. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən, 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb. Ermənilər tərəfindən Azərbaycanın mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə edilir.

Ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışırlar. Bu məqsədlə, ermənilər hər bir yola, hətta cinayətə də əl atırlar. Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi üçün ciddi addımlar atılır. Belə ki, ölkəmiz Haaqa Konvensiyasının müvafiq komitəsinə üzv seçilib və işğal olunan ərazilərdə mədəni irsin vəziyyətini iclasın gündəliyinə daxil edərək, bu istiqamətdə müvafiq sənədin qəbul edilməsinə nail olub.

Son illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülən işlər təqdirəlayiqdir.

Zümrüd BAYRAMOV

Bütün xəbərlər Facebook səhifəmizdə