Dəyişikliklər Milli Məclisə təqdim edilib ÖZƏL - AÇIQLAMA

Dəyişikliklər Milli Məclisə təqdim edilib ÖZƏL - AÇIQLAMA

"Kompleks planlar həyata keçirilir. Bununla əlaqədar Vergi Məcəlləsində müvafiq dəyişikliklər hazırlanıb, qəbul edilməsi üçün Milli Məclisə təqdim edilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Kamilə Əliyeva pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, pandemiya ilə əlaqədar dünyada iqtisadi aktivliyin azalması şəraitində Azərbaycan sahibkarlarının və vətəndaşlarının bundan maksimum az zərər çəkməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncamlar ilə Azərbaycan hökumətinə bir sıra tapşırıqlar verib:

"Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin tapşırıqlara uyğun olaraq tədbirlər planı təsdiq edilib və kompleks planlar həyata keçirilir. Bununla əlaqədar Vergi Məcəlləsində müvafiq dəyişikliklər hazırlanıb, qəbul edilməsi üçün Milli Məclisə təqdim edilib. Pandemiyadan zərər çəkən sahibkarların subyektlərinə böyük vergi güzəştləri nəzərdə tutulub. Buraya şəhərlərarası və rayonlararası sərnişin daşınma fəaliyyətini həyata keçirən subyektlər, mehmanxana, otel, ictimai iaşə fəaliyyəti, həmçinin bütün növ tədris müəssisələri, o cümlədən məktəbəqədər tədris müəssisələri, uşaqların psixoloji və digər növ hazırlıq müəssisələri də aid edilir".

Kamilə Əliyeva vurğulayıb ki, pandemiyadan zərər çəkən sahələrə əmlak və torpaq vergilərindən 2020-ci il üzrə tam olaraq azad olunma da nəzərdə tutulub:

"Bununla yanaşı spesifik sahələrə xüsusi vergi güzəştləri edilir və vergi dərəcəsi 50 faiz azaldırlır. Həmçinin onlar tərəfindən ödəniləcək sosial sığortaların məbləği də aşağı salınıb. Bu tədbirlər planı çoxşaxəlidir və mən onların bir qismini səsləndirdim. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev tərəfindən aparılan işlər və atılan addımlar Azərbaycan iqtisadiyyatının inkişafına görülən müstəsna xidmətlərdir. Bu Prezidentin öz vətəndaşının yanında olduğunun baris nümunəsidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə