Post-karantin dövrünə necə uyğunlaşa bilərik? RƏY - AÇIQLAMA

Post-karantin dövrünə necə uyğunlaşa bilərik? RƏY - AÇIQLAMA

"Mütləq şəkildə stresin idarə olunmasıdır. Stresi idarə etmək üçün insan sevdiyi xobbilərlə məşğul ola bilər, yoqa, meditasiya da burada insanların yardımına çata bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının həkim təlimçisi, dietoloq Əsmər Kərimli insanların post-karantin dövrünə necə uyğunlaşması lazım olduğundan danışarkən deyib.

Dietoloq bildirib ki, yaxınlaşan post-karantin dövrünü rahat keçirmək üçün bizim karantin dövründə əməl etməli olduğumuz qaydalar var: "Bunlardan birincisi rejimlərimizdir. İnsanların karantin dövründə ən çox pozduğu tejimləridir. Bu istər yuxu olsun, istərsə qidalanma olsun. Unutmayaq ki, bizi viruslara qarşı qoruyan immunitetimizdir. Bu isə birbaşa sadaladığımız faktorlarla əlaqədardır.

İlk əvvəl qidalanma necə olmalıdır?

Təəssüf ki, son vaxtlar biz görürük ki, insanlar marketlərdə səbətlərinə daha çox rəf ömrü uzun qidalar: bunlar unlu, makaron məmulatları, şəkərli qidalardır hansı ki, tərkibində duz və şəkər oranı, trans yağ dediyimiz zərərli yağların oranı yüksək olan qidalarla doldurmaqdadır. Qətiyyən, bunu etmək olmaz, əksinə karantin dövründə ümumiyyətlə adi həyatımızda da təzə qidalara üstünlük verməliyik. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyyələrə əsasən də gündə 5 porsiya hər porsiya 400 qram olmaqla insan tərəvəz və meyvə qəbul etməlidir. Yağlarımız isə sağlam, soyuq sıxım yağlardan, çərəzlərdən olmalıdır. Həm də rəngarəng qidalanmalıyıq".

Onun sözlərinə görə, ikinci mühüm faktorlardan biri fiziki aktivlikdir və karantin dövründə insanların ən çox əziyyət çəkdiyi cəhət fiziki aktivliyimizin qat-qat azalmasıdır: "Gün ərzində ev şəraitində 20 dəqiqədən başlayaraq aktivliklə məşğul olmalıyıq. Hazırda həm milli televiziya kanallarımızda, həm də internetdə istənilən intensivlikdə idman hərəkətlərini izləyə bilərik. Bu sizin hər hansı bir sevdiyiniz rəqs də ola bilər".

Əsmər Kərimli vurğulayıb ki, üçüncü faktorlardan biri yuxu rejimidir ki, buna mütləq əməl edilməlidir: "Karantin dövründə insanların çox daha gec saatlarda yatdığı və gec saatlarda da yuxudan oyandığını görürük. Bu isə həm metabolizmamıza təsir edir, həm də karantindən sonrakı dövrdə bizim həyat rejimimizə uyğunlaşmağımızda çətinliklər yaradacaq.

Mütləq şəkildə stresi idarə etməliyik...

Digər bir məsələ isə mütləq şəkildə stresin idarə olunmasıdır. Stresi idarə etmək üçün insan sevdiyi xobbilərlə məşğul ola bilər, yoqa, meditasiya da burada insanların yardımına çata bilər. Eyni zamanda mütləq şəkildə hava almağa çalışın. Bu bizim eyvanda aldığımız hava belə ola bilər. Dərin nəfəs alıb verməklə təmiz hava ilə özümüzü təmin etməliyik".

Dietoloq qeyd edib ki, şəkərli, duzlu qidaları minimuma endirməliyik, lakin, bu o demək deyil ki, ümumiyyətlə karantin dövründə kalorisi kəskin azaldılmış və yaxud ağır pəhrizlərə müraciət etməliyik: "Bu tövsiyyə olunmur. Əksinə ratsionu daha rəngarəng bişirilmiş qidalarla artırmaq lazımdır. Bütün bunlara əməl olunarsa karantin dövründən post-karantin dövrünə uyğunlaşma periodu daha sağlam və daha rahat olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə