Karantində Ramazan ayinləri, bu, necə olacaq? AÇIQLAMA-ÖZƏL

Karantində Ramazan ayinləri, bu, necə olacaq? AÇIQLAMA-ÖZƏL

“Hazırda ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan karantin rejimində Ramazan ayı ilə bağlı dini ayinlər məscidlərdə icra olunmayacaq”. Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin deyib.

O bildirib ki, karantin rejimi ilə bağlı qərarlar dəyişənə qədər kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün məscidlərdə də belə tədbirlərin keçirilməsi qadağan edilib: “Ramazan ayı ilə bağlı ayinləri insanlar öz evlərində icra etməlidirlər. Evdə deyəndə yalnız öz ailə üzvləri ilə nəzərdə tutulur. İftar zamanı hər kəs öz evində ailəsi ilə birgə olmalıdır”.

H.Şahin qeyd edib ki, karantin rejimi Qədr gecələrinə qədər davam edərsə, insanlar bu gecələrlə bağlı ayinləri də evlərində icra edəcəklər: “Hər kəs bu müddətdə sosial izolyasiya tədbirlərinə riayət etməli, bu günlərdə kütləvi toplaşmamalıdır”.

Ramazan ayında dezinfeksiyaedici vasitələrdən istifadəyə gəlincə, QMİ nümayəndəsi vurğulayıb ki, Hər zaman olduğu kimi bu ayda da sözügedən vasitələrdən istifadə etməyin heç bir günahı yoxdur: “Dezinfeksiyaedici vasitələrin oruc tutmaqla heç bir ziddiyəti yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə