Özünü təcrid vəziyyətində belə, bir çoxumuz bəzi hallarda mənzillərimizi tərk etmək məcburiyyətində qalırıq. Məsələn, bir mağazaya, xəstəxanaya və ya aptekə getməli oluruq. Etiraf edək ki, belə hallarla kiminsə qarşılaşmayacağını, yaxud ehtiyac duymayacağını heç kim deyə bilməz. Çünki, ən azından ərzaqla, gündəlik tələbat malları ilə bağlı ehtiyacı kimsə təkzib edə bilməz.
Doğrudur, evi tərk etməklə bağlı belə hallarda yeni koronavirusa yoluxma riskindən qorunmaq üçün bir sıra tövsiyələr mövcuddur və bu barədə ictimaiyyət məlumatlandırılıb da. Məsələn, şəxsi profilaktikanın ən vacib qaydası olaraq, insanların sıx olduğu yerlərdən uzaq durmaq, məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, evə gəldikdən sonra isə əllərin və üzün hərtərəfli yuyulması kimi qaydaların gözlənilməli, eyni zamanda qaçılmaz olduğunu hamımız artıq bilirik. Bu barədə çox danışılıb, çoxlu məlumatlar da verilib. Bəs virusun da yaşama müddətinin uzana biləcəyi üst geyimləri haqqında nə bilirik və bu barədə nə demək olar?
Ümumiyyətlə, evə gələrkən virusu təkcə əlimiz və üzümüzlə gətirməyə də bilərik axı. Belə olan halda, nə etmək, necə etmək lazım oduğu hər kəsi ciddi şəkildə maraqlandırır.
Evin kandarında dezinfeksiya
Əvvəla, qeyd etmək lazımdır ki, COVID-19 adlı məkrli infeksiyaya qarşı həm paytaxt küçələrində, həm də müxtəlif obyektlərdə, hətta bəzi mənzillərdə də fəal şəkildə dezinfeksiya həyata keçirilir. Özü də bu dezinfeksiya mütəxəssislər tərəfindən edilir. Xüsusilə də yollar, səkilər, dayanacaq yerləri, həyətlər, keçidlər, körpülər, tunellər dezinfeksiya olunur.
Əlaqə ola biləcək səthlər, zibil qutularının yükləmə qablarının tutacaqları, qapı tutacaqları, lift düymələri, poçt qutuları, pəncərə çərçivələri və sair yerlərin dezinfeksiya edilməsinə daha böyük ehtiyac var. Elə bu səbəbdən də həmin yerlər xüsusi olaraq nəzərə alınmalıdır və alınır da. Eyni zamanda tövsiyə olunur ki, dezinfeksiya işləri yalnız dezinfeksiyaedicilərlə aparılmalıdır. Çünki, bütün bu işlər insanlar, heyvanlar və ətraf mühit üçün tamamilə təhlükəsizdir və onlar eyni zamanda hər hansı bir səthə zərər də verə bilmirlər.
İctimai yerlərin dezinfeksiyası məsələsi əslində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə bir tədbirdir. Etiraf edək ki, bu tədbirlər nəinki əyalətlərimizdə, nəinki paytaxt Bakıda, dünyanın heç bir ölkəsizndə də bu vaxta qədər aparılmayıb. Ola bilsin kimsə, nə vaxtsa, hansısa şəhərin su ilə yuyulmasını, təmizlənməsini görə bilər. Amma şəhər küçələrində, təmas olan yerlərdə dezinfeksiya işləri aparıldığının kimsə bu zamana qədər şahidi olması təəccüb doğurar.
Artıq hamımız bu dezinfeksiya işlərinin şahidi oluruqsa, deməli vəziyyət tamamilə başqadır. Bir az daha dəqiq desək ciddidir. İndi küçə və meydanlarımızın dezinfeksiyası kimi görünməmiş işlər şəhərdə müntəzəm olaraq həyata keçirilirsə, deməli, vəziyyət həm də nəzarət altındadır və hökumət özü bu məsələlərə diqqərlə yanaşır. Hər yer diqqətlə təmizlənir və mümkün risklərin qarşısının alınması üçün ciddi şəkildə tədbirlər görülür. Bir sözlə, hökumət özü virusun nəinki mənzillərə, hətta mənzillərin kandarına belə yaxınlaşmaması üçün tədbirlər görür. Amma, bunu da nəzərə almaq lazımdır ki, hər bir kəs ayrı-ayrılıqda öz-özünün, öz yaxınlarının, evinin bu virusdan qorunması üçün diqqətli olmalıdır. Qeyd etdiyimiz kimi, necə ki, hökumət küçə və meydanları parkları dezinfeksiya etməklə bizim evimizi, onun kandarından da kənardan belə qoruyur, hər bir kəs də beləcə evin kandarına çatana qədər belə qorunmağı özünün ən başlıca işi, məsuliyyəti hesab etməlidir.
Evə virusu necə buraxmamalı?
Şəhərin, küçələrin və girişlərin dezinfeksiya edilməsi şirkətlər tərəfindən aparılırsa, evin təhlükəsizliyi üçün sözsüz ki, sahibinin özü cavabdehdir. Bu məsələ ilə əlaqədar kifayət qədər tövsiyələr var. Bəzi mütəxəssislər üst geyimləri növbəti istifadəyə qədər səliqəli və germetik olaraq plastik torbalarda qablaşdırmağı məsləhət görürlər. Üstəlik, evdən çıxarkən istifadə ediləni minimum istifadə etmək məsləhətgörülür. Digər mütəxəssislər çölə çıxarkən istifadə olunanların balkona asıla biləcəyini doğru hesab edirlər. Hesab edirlər ki, günəşli bir gündə, gün ərzində onları birbaşa günəş işığında isitmək kifayətdir. Pəncərədən çöldə buludlu, rütubətli hava olduqda, ən azı üç gün havalandırmaq lazım olduğu bildirilir.
Bir çox mütəxəssislər düşünürlər ki, üst geyimlərini spirtlə və tərkibində xlor olan məhlulla dezinfeksiya etmək mümkündür. Amma o da qeyd olunur ki, belə vasitələrə çox da əhəmiyyət verilməməlidir. Çünki, spirt və xlorla belə dezinfeksiyaya paltarların, üst geyimlərinin nə qədər davam gətirəcəyi də hələ bəlli deyil. Küçədə istifadə olunan ayaqqabıların spirtlə nəmləndirilmiş salfetlərlə silinməsi də tövsiyyə olunur.
Həmçinin mütəxəssislər tövsiyyə edirlər ki, evin kandarında, daha dəqiq desək, giriş qapısı qarşısına dezinfeksiya edici məhlulla, yaxud xlor qarışıqlı maddə ilə isladılmış, nəmləndirilmiş dəsmal, yaxud ayaqaltı xalça sərilə bilər. Qeyd olunur ki, bu, xüsusən evə daxil olanların ayaqqabılarını silmək üçün vasitə hesab oluna bilər.
Ələlxüsus, tövsiyyə olunur ki, mənzilə daxil olarkən, dərhal otaqlara keçmək lazım deyil və qapı qarşısında ayaqqabıları sildikdən, üst geyimi çıxardıqdan, əlləri antiseptiklərlə, məsələn spirtlə dezinfeksiya etdikdən sonra içəri keçmək məsləhətdir. Çünki, ən azından yuyunmaq üçün hamama, vanna otağına, yaxud hansısa bir qapalı məkana keçərkən əllərin dəstəyə vurulacağı təkzib edilə bilməz. Həmçinin, üst geyimin də hansısa otaqda olan divan, stol-stul üstünə, eləcə də mebelin üzərinə atılması da tövsiyyə olunmur.
Əfsus ki, hələ də koronavirusun səthlərdə hansı müddətə və şəraitə qədər qalması, mövcudluöu barədə dəqiq bilgi yoxdur. ÜST-nin rəsmi saytında virusun səthlərdə qalma müddəti barədə məlumat olsa da bunun konkret, dəqiq məlumat olması şübhəlidir. Amma virusun səthin növündən asılı olaraq bir neçə saatdan bir neçə günə qədər qalma ehtimalı var. Məhz bu baxımdan da son dərəcə diqqətli olmaq və son müddəti gözləmək də məqsədəuyğundur.
Eyni zamanda virusun bədəndən, orqanizmdən kənarda müsbət 20 dərəcədən aşağı temperaturda qala bildiyi də məlumdur. Bu baxımdan otaq temperaturunu müsbət 20 dərəcədən yuxarı saxlamaq da məsləhət görülür. Həmçinin qeyd olunur ki, əgər pəncərədən çöldə havanın hərarəti qeyd olunduöu kimi çüsbət 20 dərəcədən yuxarıdırsa, o zaman otağın havasını gün ərzində bir neçə dəfə dəyişmək tapşırılır.
Bununla yanaşı, mütəxəssislər insanların şəxsi gigiyenalarına da diqqət yetirmələrini tövsiyyə edirlə. Beləki, evdə, ailə daxilində belə hər bir kəs üçün özünə məxsus üz dəsmalı və tez-tez istifadə olunan vasitələr olmalı, bu vasitələr bir-birindən ayrı saxlanılmalıdır. Qeyd olunur ki, əl və üz yuyulduqdan sonra silmək üçün bir dəfə istifadə olunan salfetlərdən istifadə daha məqsədəuyğundur.
Mütəxəssislər virusun evə, mənzilə daxil olmaması, ümumiyyətlə, evdə qalmaması üçün daha çox istifadə olunan yerlərin, məsələn, səthlərin, giriş qapısının əlcəyinin, işığı yanırmaq üçün toxunulan düymənin və ümumiyyətlə mənzilə daxil olarkən ən çox toxunulan və toxunulma ühtimalı olan yerlərin spirt və digər dezinfeksiyaedici məhlüllarda isladılmış salfetlərlə silinməsini tövsiyyə edirlər. Əslində, hər kəs öz mənzilini və ümumiyyətlə, yaşadığı, olduğu yerlərin virusdan qorunması, mühafizə edilməsi, virusun daxil olmaması üçün dezinfeksiyaedici maddələrdən mütəmadi olaraq istifadə etməlidir. Çünki, mənzilimiz, qaldığımız yerlər bizim yaşayış yerimizdir ki, həmin yerləri mühafizə etmək, qorumaq özümüzün, öz yaxınlarımızın sağlamlığını qorumaq deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB