Dövlət başçısı cinayət törədənlərin bundan sonra da cəzalandırılacağını bildirib
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Ölkə başçısı işlək mexanizmlər əsasında islahatların davamlığını, ardıcıllığını təmin etmişdir, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarının yerinə yetirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan düzgün iqtisadi siyasətin nəticələridir. "İndi biz iqtisadi sahə ilə bağlı, əlbəttə, öz addımlarımızı elə atmalıyıq ki, hazırkı çətin şəraitdə iqtisadi fəallığı müəyyən mənada qoruyub saxlayaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.
Dövlət başçısının sözlərinə görə, hər kəs yaxşı bilir ki, demək olar bütün ölkələr indi pandemiya ilə əlaqədar öz sərhədlərini bağlayıblar, ancaq ticarət və yük daşımaları sahəsində işlər davam edir.
“Düzdür, indi ticarət obyektləri bağlı olduğu üçün burada tənəzzül var. Yükdaşımalarda isə vəziyyət nisbətən normaldır. Əlbəttə ki, iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır. Bu ilin 3 ayının yekunları haqqında biz üç gün bundan əvvəl danışdıq, təkrar etmək istəmirəm. Hələ ki, müsbət dinamika var. Ancaq istisna olunmur ki, aprel, may, iyun aylarında tənəzzül müşahidə ediləcək. Çünki biz iki ayın yekunlarını üç ayın yekunları ilə müqayisə edəndə görürük ki, həm ümumi daxili məhsulda azalma var, eyni zamanda, qeyri-neft sektorunda tənəzzül var. Baxmayaraq, hələ ki, biz artımı görürük, ancaq növbəti aylarda necə olacaq, əlbəttə, bu da karantin rejiminin nə vaxta qədər davam etməsinə bağlıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı, onu da qeyd edib ki, bu karantin rejimi hər bir ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərir və bu təsir nə qədər davam edəcək, biz bunu deyə bilmərik: "Əlbəttə, qeyd etdiyim kimi, indiki şərait bundan sonra iqtisadi sahədə qanunları pozmaq istəyənlərin üzərinə çox böyük mənəvi yük qoyacaqdır. Çünki bir daha demək istəyirəm ki, indiki şəraitdə dövləti aldatmaq cəhdləri xəyanətə bərabər tutulacaqdır. Ona görə siz sahibkarlarla müntəzəm əlaqə saxlayın, o cümlədən maarifləndirmə, onların vicdanla fəaliyyət göstərməsi ilə əlaqədar mütləq təmasları davam etdirin. Bir daha onlara göstərilməlidir ki, dövlət nə qədər böyük yükü öz üzərinə götürüb. Mən indi Azərbaycanı heç kimlə müqayisə eləmək istəmirəm, amma baxın görün, bu pandemiyadan zərər çəkmiş sahələrdə işləyənlərin əməkhaqqı dövlət tərəfindən ödənilir, 300 min adamdır, az deyil. Mikrosahibkarların da sayı 300 minə yaxındır, onlara da dövlət tərəfindən vəsait ödənilir. İndi vergi güzəştləri, vergi tətilləri ilə bağlı mən göstəriş vermişəm və istəyirəm ki, siz bu məsələ ilə bağlı məlumat verəsiniz, hansı tədbirlər hazırlanıb və bu paket Milli Məclisə nə vaxt təqdim ediləcək”.
"Kimsə vəzifədə olan dostlara arxalanırsa..."
Dövlət başçısı qeyd edib ki, bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu artıq öz gündəliyindən çıxarıb: "Ancaq elə sahibkarlar var ki, hələ də hesab edirlər ki, bunlar köhnə qayda ilə işləyəcəklər. Onlara mən birmənalı demək istəyirəm ki, bu keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, yaxud da qohumlara, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özləri də cəzalandırılacaqlar, onlara himəyadarlıq edən də cəzalandırılacaq".
Ölkə Prezident ionu da vurğulayıb ki, heç kimə güzəşt yoxdur: "Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırıqlarımı eşidir və görür ki, istisnasız olaraq bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə, hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını davam etdirəcək".
"Biz o sahibkarların dərsini verəcəyik"
Dövlət başçısı, həmçinin sahibkalara qeyri-formal məşğulluğa son qoymağı aə işçilərin də əmək müqaviləsi olmadan işləməmələrini deyib. Bildirib ki, belə olan hallarda işçilər dərhal müvafiq qurumlara müraciət etsinlər: "Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm, bir daha əmək müqaviləsi olmadan işləməyin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirliklərinə, Prezident Administrasiyasına müraciət edin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, tamahını təmin etmək xəyanətdir”.
Göründüyü kimi, bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə sosial siyasətin mərkəzində insan amili dayanır. Və hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi "siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır" prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Çünki insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsinin təşkil edir. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.
Beləliklə də, dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB