"Biz birlikdə bu bəlaya qalib gələcəyik" - MƏKTUB

"Biz birlikdə bu bəlaya qalib gələcəyik" - MƏKTUB

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA xəbər verir ki, Lənkəranda yaşayan Saleh Cəfərov yazır:

Hörmətli cənab Prezident.

Dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən, nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm.

Hörmətli Prezidentimiz, Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə üzvlərinizin başı üstündən əskik eləməsin.

Hörmətli Prezident və Mehriban xanım. Siz işdə olun, biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə