Post-karantin dövründə nəqliyyatda vəziyyət necə olacaq? ÖZƏL - AÇIQLAMA
"İstər yükdaşımalar, istər fərdi avtomobillər, istərsə də ictimai nəqliyyat cəmiyyətin nəqliyyat ehtiyaclarını ödəməlidir. Karantin qaydaları aradan qaldırılsa belə uzun müddət sanitar-gigiyena qaydalarına riayət etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov karantin rejiminin yekunlaşması ilə münasibətdə nəqliyyat vasitələrinin də mərhələli şəkildə bərpasından danışarkən deyib.
O bildirib ki, koronavirusa görə tətbiq olan bütün məhdudlaşdırıcı tədbirlər ölkənin bütün sahələrini əhatə edir, o cümlədən də nəqliyyat sahəsinə də təsirsiz ötüşmür: "Karantin rejiminin tədricən aradan qaldırılmasında nəqliyyatda da vəziyyət yenidən bərpa olunacaq. Hər şey məhdudiyyətlərin hansı səviyyədə, hansı dərəcədə və mərhələdə, eyni zamanda hansı ardıcılıqla aradan qaldırılacağından asılıdır. Nəqliyyat sahəsini təxmini 3 qrupa bölmək olar: yükdaşıyan nəqliyyat vasitələri, ictimai nəqliyyat vasitələri və fərdi avtomobillər.
Karantinlə əlaqədar şəraitin bu qruplara fərqli təsirləri oldu. Məsələn, yükdaşımalara təsiri nisbətən az oldu. Karantinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarlarında yükdaşıma fəaliyyətinin sərbəst olduğu vurğulanır. Eyni zamanda həyati əhəmiyyətli sahələrə bu dövrdə heç bir məhdudiyyət qoyulmamışdı. Yükdaşıyan avtomobillərin hərəkəti sərbəst idi, lakin, bu sahəyə də müəyyən qədər təsir etdi. Çünki, elə sahələr var ki, o sahələrin fəaliyyəti dayandırılıb və onların yükdaşımaları da dayandırılıb. İstər ölkədaxili yükdaşımalar, istərsə də beynəlxalq yükdaşımalar hansı sahanin fəaliyyəti bərpa olunacaqsa onların yükdaşımaları da bərpa ediləcək. Bununla bağlı çox güman ki, hökumətin qərarı olacaq".
Ekspertin sözlərinə görə, karantin rejimindən çıxış əsasən iqtisadiyyat sahələri ilə bağlı olacaq və bununla əlaqədar nəqliyyat da sanitar-epidemioloji vəziyyət cəhətdən mərhələli şəkildə bərpa olunacaq: "İqtisadi fəaliyyət sahələri bərpa olunduqda nəqliyyatın digər iki sahəsi ictimai nəqliyyat və fərdi avtomobillərin də fəaliyyətində intensivlik artacaq. Sərnişindaşıma da təbii ki, iqtisadi fəaliyyət sahələrinin bərpasına uyğun olacaq. İctimai nəqliyyat virusun yoluxması cəhətdən təhlükəli hesab olunur. Buna görə də ictimai nəqliyyatın bərpasında diqqətli olmaq lazımdır. Bu istiqamətdə tibb mütəxəssislərinin tövsiyyələrini nəzərə almaq lazımdır. Bu cəhətdən "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması da maraq doğurur. Bildiyimiz kimi "Bakı Metropoliteni" pandemiyanın yayıla bilmə ehtimalına görə dayandırılıb. Əgər iqtisadi fəaliyyət sahələrində geniş dairədə fəaliyyətlər bərpa olunacaqsa paytaxtda hazırda mövcud olan ekspres xətləri ilə sərnişin daşıma çətinləşəcək. Bu halda metronun fəaliyyətinə də start veriləcək. Təbii ki, hökumət bu qərarı verərkən tibbi cəhətdən də bir sıra məsləhətləri nəzərə alacaq. Bununla da karantinin yumuşaldılmasının ikinci mərhələsində "Bakı Metropoliteni"nin də fəaliyyəti bərpa olunacaq. Belə olduğu halda paytaxtın da ictimai nəqliyyatı əvvəlki ritminə qayıtmağa başlayacaq. Növbəti mərhələdə rayonlara sərnişin daşımaların da bərpasına müçahidə ola bilərik. Məhdud şəkildə də olsa rayonlararası daşımalar üzrə müəyyən marşrutların fəaliyyəti bərpa oluna bilər".
Ərşad Hüseynov qeyd edib ki, fərdi avtomobillərin fəaliyyəti isə pandemiya dövründə daha məqsədəuyğundur: "Təbii ki, bu zaman fərdi avtomobillərdən də istifadə genişlənəcək. Bütün bu proseslərlə yanaşı yollarda avtomobillərin hərəkətinin intensivliyi əvvəlki vəziyyətinə geri qayıdacaq. Hər kəsin arzusudur ki, hər şey öz axarına qayıtsın, o cümlədən də yollardakı vəziyyət. Post-karantin dövründə xüsusi bir dəyişiklik gözlənilmir. Sadəcə insanlar müəyyən dərəcədə diqqətli olmalıdırlar və təhlükəsizlik məsələlərinə diqqət yetirməlidirlər. İstər yükdaşımalar, istər fərdi avtomobillər, istərsə də ictimai nəqliyyat cəmiyyətin nəqliyyat ehtiyaclarını ödəməlidir. Karantin qaydaları aradan qaldırılsa belə uzun müddət sanitar-gigiyena qaydalarına riayət etmək lazımdır. Cəmiyyətimiz də buna hazır olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB