"Enerji sektoruna xarici investorlar tərəfindən böyük maraq var" ÖZƏL -AÇIQLAMA
"Prezident bu görüş ilə həm enerji sektorunda əldə olunmuş nailiyyətlərimizə bir yekun vurdu, eyni zamanda enerji sektorunu qarşıda gözləyən daha çox xarici investisiya ilə bağlı olan mərhələnin startını verdi". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Prezident İlham Əliyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yeni kompleksinin açılışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Prezidentin "Azərenerji" ASC-nin əməkdaşları ilə görüşündə cəmiyyətə və dünyaya verdiyi bir neçə maraqlı mesaj diqqətini cəlb edib və yaxın dövr üçün Azərbaycanın enerji istehalı, satışı tarixinə dair maraqlı faktlara nəzər salıb:
"Bəlli oldu ki, müəyyən bir dövr, 15-16 il əvvəl Azərbaycan cəmiyyəti üçün bəlkə də müəyyən qədər qaranlıq qalan bəzi məsələlər var idi ki, bunlar heç də səbəbsiz deyilmiş. Məsələn, Azərbaycanın enerji sektorunun birdən-birə müəyyən hissəsinin özəl sektordan dövlət inhisarına qaytarılması və dövlətləşdirilməsi heç də əsassız deyilmiş. Söhbət o zaman Azərbaycanın enerji sektorunda müəyyən şübhəli işlərlə məşğul olmağa başlayan xarici investorların fəaliyyətinin dayandırılmasından gedirdi. Bəzi enerji investorlarının Azərbaycandan çıxarılması və Azərbaycanın enerji istehsalının yenidən özəl sektordan dövlətləşdirilməsi, enerji sektorunun yenidən dövlət inhisarına qaytarılması çox maraqlı və zəruri bir tarix imiş".
Baş redaktorun sözlərinə görə, daha sonra Prezidentin çıxışından bəlli oldu ki, Azərbaycanın imkanları o qədər böyüyüb ki, bizim enerji sektorunun müəyyən bir hissəsinin özəl sektora qaytarılması, xarici investisiyaların cəlb edilməsi çox əhəmiyyətli və perspektivli görünməyə başlayıb:
"Prezidentin burada xarici investorlara konkret, aydın və şəffaf bir şərt qoyması strateji əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən ki, Prezident xarici investorları bu gün Azərbaycanın enerji sektoruna hazırda mövcud olan, fəaliyyət göstərən stansiyalara yox, tamamilə yeni stansiyaların yaradılmasına investisiya qoymağa çağırdı. Həm də ictimaiyyətə mesaj verildi ki, belə ağır və çətin şəraitdə, dünya dövlətlərinin arasında əməkdaşlıqların zəiflədiyi bir şəraitdə belə Azərbaycanın enerji sektoruna xaricdən böyük maraq var. Məsələn, Prezident iki şirkətin artıq ölkəmizdə külək və günəş enerjisi istehsalı üzrə saziş imzalandığı barədə faktı açıqladı. Eyni zamanda belə şirkətlərin sayının 7 olduğu və onların içərisindən 2-nin seçildiyini qeyd etdi".
Aydın Quliyev qeyd edib ki, bu faktlar bir daha göstərir ki, Azərbaycanın bütün başqa sahələrdə olduğu kimi enerji sektoruna da xaricdən böyük investisiya marağı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB