"Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız" - MƏKTUB

"Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız" - MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir neçəsini təqdim edir:

Bakıda yaşayan Mikayılov Vaqif Məmməd oğlu yazır:

Möhtərəm cənab Prezident.

Qəzetlərdən oxuyur, televiziyalardan görürük ki, koronavirus səbəbindən bütün dünya iflic vəziyyətindədir. İş yerləri bağlanıb, ölkə iqtisadiyyatları demək olar donub. Sizin pandemiyanın ilk günlərindən vəziyyəti düzgün qiymətləndirib çox ciddi tədbirlər görməyinizin nəticəsidir ki, bu gün ölkəmizdə insanlar bu virusun fəsadlarını demək olar hiss etmirlər.

Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.

Bakıda yaşayan Cəlilova Roza İsmayıl qızı yazır:

Hörmətli cənab Prezident.

Sizin ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi uğrunda apardığınız düzgün siyasət bizi hər zaman sevindirir və fərəhləndirir. Böyük ürəyinizlə bu çətin günlərdə xalqımıza göstərdiyiniz kömək və xeyirxah əməlləriniz əvəzolunmazdır, alqışlara layiqdir.

Birlik – dirilikdir. Biz Sizin ətrafınızda sıx birləşərək böyük qüvvəyə çevriləcək və koronavirus pandemiyasının sınağından tezliklə alnıaçıq keçəcəyik. Mən 91 yaşımda buna ümid edirəm və inanıram.

Cənab Prezident, Sizə tutduğunuz ali dövləti vəzifədə yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür, başda Siz olmaqla xalqımıza Ulu Tanrıdan kömək diləyirəm.

İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayan Əsədov Novruz yazır:

Hörmətli cənab Prezident.

COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi, güclü dövlətlərin bu virus qarşısında aciz qaldığı bir vaxtda Sizin apardığınız qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf edir. Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız və bizim sağlamlığımızın və sosial rifahımızın təmin olunması üçün əlinizdən gələni əsirgəmirsiniz. İsmayıllı rayonu Basqal qəsəbəsinin sakinləri bu çətin günlərdə də Sizi dəstəkləyirlər və Sizin yanınızdadırlar. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu çətin günləri arxada qoyacaq. Uca Allah ölkəmizi, Sizi və ailənizi qorusun.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə