Xalq Prezidentin siyasətini dəstəkləyir - ŞƏRH ÖZƏL

Xalq Prezidentin siyasətini dəstəkləyir - ŞƏRH ÖZƏL

“Koronavirus pandemiyası dünya ölkələrinin təkcə insan kapitalında yox, iqtisadiyyatında da tələfatlara yol açıb. Bu baxımdan lazımı tədbirləri görə bilən ölkələr müəyyən qədər sığortalanıblar. Azərbaycan da cənab Prezidentin rəhbərliyi ilə vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində vəziyyət digər dövlətlərə nisbətdə çox yaxşıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, pandemiyanın dünya iqtisadiyyatına zərər vurduğu bir vaxtda, ölkələr illik büdcələrinə yenidən baxılması barədə qərarlar qəbul edir: “Azərbaycanda da 2020-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinə yenidən baxılması barədə qərar qəbul edilib. Büdcədə daha çox sosial layihələrə vəsaitin ayrılması nəzərdə tutulub. Bu da öz növbəsində təbii ki, pandemiya dövründə əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun həyata keçirilməsinə xidmət edəcək”.

C.Osmanov vurğulayıb ki, koronavirus pandemiyası dövründə cənab Prezidentin həyata keçirdiyi uzaqgörən siyasət və xüsusən də aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən ciddi tədbirlər təbii ki, heç kimin diqqətindən yayınmır: “Birdəfəlik müavinət alacaq şəxslərin 200 min nəfərdən 600 min nəfərə çatdırılması, ünvanlı sosial yardım alan ailələrin sayının artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur və bütün bunlar addım-addım həyata keçirilir. Bu çətin ərəfədə cənab Prezidentin yeritdiyi siyasətin qarşısında ilk növbədə Azərbaycan vətəndaşı və insan amili durduğu üçün xalq yaxşı başa düşür ki, çıxış yolu da yalnız cənab Prezidentimizin həyata keçirdiyi siyasəti dəstəkləməkdir. Bunun üçün də cənab Prezidetimizin gördüyü işləri Azərbaycan xalqı birmənalı olaraq dəstəkləyir və ona görə də ölkəmizin hər bir guşəsindən ölkə Prezidentinə minnətdarlıq və təşəkkür məktubları gəlir. Vətəndaşlarımız çətin vaxtda həmrəylik göstərərək cənab Prezidentin ətrafında sıx birləşməklə pandemiyaya qarşı mübarizə aparır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə