Elektron icazə və sms xidmətindən necə faydalanırıq? AÇIQLAMA-ÖZƏL

Elektron icazə və sms xidmətindən necə faydalanırıq? AÇIQLAMA-ÖZƏL

“Aprelin 5-dən Azərbaycanda tətbiq olunan elektron icazə ölkəmizdə “kölgə” iqtisadiyyatına qarşı mübarizəyə də öz töhfəsini vermiş oldu. Belə ki, 60 mindən çox vətəndaşımızla məhz karantin dövründə əmək və xidmət müqaviləsi imzalanıb”. Bunu SİA-ya açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, elektron icazə sisteminin tətbiqi nəticəsində işçilərinə icazə verə bilməyən bəzi şirkətlər, özəl qurumlar əməkdaşları ilə əmək və ya xidmət müqaviləsi bağlamağa məcbur oldular: “Bu, vətəndaşlarımızın həm iş yerlərinin rəsmiləşməsi, həm də sosial durumuna müsbət təsir edən amildir. Hesab edirəm ki, bu rəqəm ölkə başçısının hər zaman vurğuladığı “kölgə” iqtisadiyyatına qarşı mübarizədə də çox böyük rəqəmdir”.

Şöbə müdiri söyləyib ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı təxminən 50 minə yaxın dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar tərəfindən 922 min 639 icazə qeydiyyata alınıb: “Bunlardan hazırda 739 min 608 icazə faktiki olaraq aktivdir”.

İcazələrlə bağlı müddətin uzadıldığını xatırladan E. Niftəliyev qeyd edib ki, həmin müəssisələrin məsul şəxsləri aldıqları icazələrə redaktə edə bilərlər: “Ola bilsin ki, icazə alınan şəxs 1 həftə və ya 10 gün ərzində məzuniyyətə göndərilib həmin şəxsin qeydiyyat statusunu dəyişmək və ya digər əməkdaşla əvəz etmək olar. Həm SMS, həm də icazələrlə bağlı sistem qısa müddətdə yaranmasına baxmayaraq, proseslərə uyğun olaraq hər iki sistemdə təkmilləşmələr həyata keçirilib”.

Qurum sözçüsü vurğulayıb ki, bu müddət ərzində 8103 qısa nömrəsinə 13 milyon 761 min sms göndərilib: “Bunlardan təqribən 4 milyon 153 mini, yəni 30 faizi aidiyyatı olmayan məzmunla göndərildiyindən təsdiq cavabı almayıb. Bu qədər maarifləndirmə işləri aparılmasına, video təlimatların mütəmadi olaraq yayımlanmasına baxmayaraq, hələ də kodu düz yazmayan, istəyini sözlə ifadə etmək istəyən şəxslər var. Belə hallarda vətəndaşlarımız “Asan Xidmət” in 91-08 Çağrı Mərkəzinə müraciət etməklə suallarına cavab tapa bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə