"Xalq öz Prezidentinə etibar edir" - MÖVQE - ÖZƏL

"Xalq öz Prezidentinə etibar edir" - MÖVQE - ÖZƏL

“Hər bir vətəndaş öz Prezidentinə münasibətini bildirə bilər və bildirir də. Bu çox təbii bir haldır. Çünki Azərbaycan Konstitusiyasında hakimiyyətin mənbəyi xalqdır. Xalq öz Prezidentinə etibar edir və həmin etibarın nəticəsini gördüyünə görə, öz münasibətini bildirir. Nəticə etibarilə sonda hər şeyə əsas qiymətini verən xalqdır. Cənab Prezidentin koronavirusla bağlı yeritdiyi siyasət çox ağıllı, uğurlu, uzaqgörən və müdrikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hətta G20-yə daxil olan dövlətlərdən də fərqli olaraq koronavirusun yayılmasına qarşı mübarizədə vaxtında tədbirlər görə bilib: “Bu tədbirlərin nəticəsi olaraq artıq müsbət tendensiyalar da yaşanmağa başlayıb. Azərbaycanda koronavirusdan sağalma faizi Almaniya ilə eyni səviyyədədir. Ölkəmizdə koronavirusdan sağalma faizi 45 faiz, ölüm faizi isə 1 faizin altındadır. Azərbaycan həkimləri öz bacarıqlarını göstərməkdə davam edir”.

Büdcəyə yenidən baxılması barədə fikir bildirərkən poltoloq qeyd edib ki, büdcə qəbul edilərkən neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub: “Lakin pandemiya ilə əlaqədar dünya bazarında neftin qiyməti sürətlə düşüb. Ona görə də büdcəyə yənidən baxılması çox normal haldır. Bu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tətbiq olunur. Buna baxmayaraq büdcədə dəyişiklik sosial məsələlərin həllinə yönəldilib. Cənab Prezident ölkənin müdafiə qabilliyətini və əhalinin sosial rifah səviyyəsini önə çəkib. Çünki cənab Prezident üçün insan kapitalı çox qiymətlidir. Azərbaycan digər itkiləri bərpa edə bilər, lakin insan itikisinin bərpası mümkünsüzdür. Bu kontekstdə ölkə Prezidenti çox humanist bir addım atır. Sosial məsələlərdə dövlət o zaman güclü olur ki, xalqı ilə bir yerdə olur və xalqının qayğısına qalır. Cənab Prezident də hər zaman apardığı sosial siyasəti ilə göstərir ki, xalqının yanındadır. Birinci vitse-prezidentimiz Mehriban xanım da çox müstəsna fəaliyyət göstərir, həm Heydər Əliyev fondunun xəttilə, həm də digər sosial məsələlərə öz şəxsi dəstəyini verməklə”.

C.Nuriyev vurğulayıb ki, cənab Prezident həm videokonfranslar, həm sahibkarlara müraciətləri zamanı, həm də hazırda həyata keçirdiyi siyasət göstərib ki, o Azərbaycanın layiqli Prezidentidir: “Çünki cənab Prezident eyni vaxtda koronavirusla, ermənilərlə açıq müharibədə, dünyada gedən informasiya müharibələrinə qarşı düz üç cəbhədə mübarizə aparır. Media da cənab Prezidentin yayında olmalıdır. Təəssüf ki, hamısı öz dəstəyini göstərmir. Çünki bizdə bəzi media nümayəndələri “topal dilənçi” statusundadır. Yəni onlar öz mənafelərinə uyğun olaraq yeri gəldikdə topal dilənçi, yeri gəldik də isə hamısı qəhrəmana çevrilir. Lakin düşünürəm ki, koronavirusun yayıldığı bu cür çətin vaxtda Azərbaycan dövlətinə və Prezidentinə dəstək olmaq hər bir azərbaycanlının borcudur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə