Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız! - MƏKTUB

Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız! - MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA bu məktubların daha bir neçəsini təqdim edir:

Ağcabədidə yaşayan Laçın rayonunda məcburi köçkün Məhərrəm Dünyamalıyev yazır:

Əziz Prezidentimiz.

Dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf etdiyi ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır.

Cənab Prezident, bir vətəndaş kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Möhtərəm Prezident, ölkəmiz üçün taleyüklü məsələlərin həlli ilə yanaşı, bizə - məcburi köçkünlərə qayğınızı davam etdirməyiniz, Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün inşa olunaraq istifadəyə verilmiş 645 ailəlik üç müasir tipli qəsəbədə bizə evlərin təqdim edilməsi mənzil-məişət şəraitimizi yaxşılaşdırmaqla bizi ürəkdən sevindirir. Bizə göstərdiyiniz bu davamlı qayğıya görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram.

Goranboy rayonu, Tatarlı kəndində yaşayan Gülzar Ocaqverdiyevadan yazır:

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun.

İsmayıllı rayonunda yaşayan Ağsaqqallar Şurasının sədri Valeh Salehov yazır:

Möhtərəm cənab Prezident.

Biz – İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbinizi mütləq şəkildə yerinə yetiririk. Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz.

Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir.

Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır.

Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun. Dərin hörmət və ehtiramla.

Pirallahı Rayonunda yaşayan Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov yazır:

Möhtərəm cənab Prezident.

Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.

Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə