Dövlət siyasətinin əsas istiqaməti vətəndaşların sosial rifahıdır - MÖVQE ÖZƏL

Dövlət siyasətinin əsas istiqaməti vətəndaşların sosial rifahıdır - MÖVQE ÖZƏL

“Azərbaycan az sayda olan o ölkələr sırasına daxildir ki, həqiqətən koronavirusla mübarizəni elə sistemli şəkildə qurub ki, bu mübarizədən ölkənin güclənərək çıxacağına heç bir şübhə yoxdur. Çünki dünyada bəlkə də, Azərbaycan kimi ölkə çox azdır ki, koronavirusla mübarizə apardığı bir vaxtda həm də əhalinin sosial rifahının geriləməsinin qarşısını almaq və biraz da yaxşılaşmasını şərtləndirən, eyni zamanda ölkənin iqtisadi fəallığının aşağı düşməsinin, sahibkarlığın tənəzzülünün qarşısını alan bir sıra əhəmiyyətli addımlar ata bilir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də cəmiyyətimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha sübut edir ki, hətta ən ağır, fövqaladə şəraitdə Azərbaycan dövləti və dövlət başçısı Konstitusiyada göstərildiyi kimi əsl sosial rifah dövləti prinsipinə uyğun olaraq insanların vəziyyətinin yaxşılaşdırılması üçün gərəkli addımları atır: “Məsələn sonuncu müşavirədə dövlət Başçısının birdən-birə özünəxas cəsarət və qətiyyətlə dövlətdən yardım alan 200 min vətəndaşın sayının 600 minə qaldırılması ilə əlaqədar göstəriş verməsi, bu cür çətin şəraitdə məcburi köçkünlər üçün verilməsi planlaşdırılan 7 mindən artıq mənzillə bağlı layihənin icra edilməsi, şəhid ailələri üçün nəzərdə tutulmuş 1 min 500 mənzilin təhvil verilməsi istiqamətində işlərin sona qədər aparılması barədə tapşırıq verməsi cəmiyyətimizin rifahına dövlət qayğısının bariz nümunəsidir”.

A.Quliyev vurğulayıb ki, eyni zamanda özəl sektorda çalışanların heç bir halda ixtisara salınmaması ilə bağlı tapşırıqlar verilməsi sübut edir ki, Azərbaycan dövləti heç bir halda özünün vətəndaşlarının rifahı haqqda düşüncələrini kənara qoymayacaq: “Bir sözlə koronavirus şəraitində Azərbaycanın fəaliyyətinin əsas istiqamətlərin biri cəmiyyətimizin rifahının yaxşılaşdırılması yönündə aparılan siyasətdir. Bu siyasətin davamı indikindən də müsbət nəticələr verəcəyi şübhəsizdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə