"Bu il ərzində iş yerini hər hansı səbəbdən itirən insanlara şamil olunacaq, bu insanların yeni iş tapana qədər sosial təminatları olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri olan deputat Musa Quliyev işsizlikdən sığorta ödənişlərinin əhatəsinin genişləndirilməsi məsələsi ilə bağlı danışarkən deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin sosial siyasəti onun daxili siyasətinin prioritet istiqamətini təşkil edir və ölkə rəhbəri həmişə söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq bir çox sahələrdə, dünyanın bütün ölkələrində problemlər yarandı. O cümlədən də iqtisadiyyat və məşğulluq sahəsində problemlər yarandı. İnsanların məşğulluğunun təmin olunması, davamlı olması, iş yerlərini itirən zaman əlavə müavinət alma imkanları da aktuallaşdı. Bununla əlaqədar Prezident İlham Əliyev Sərəncam verdi. Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırdı. Daha sonra o vəsait dövlət başçısının tapşırığı ilə 2,5 milyard manata qədər artırıldı.
Nazirlər Kabineti də Prezidentin Sərəncamının icraçısı kimi tədbirlər planı hazırladı. Həmin tədbirlər planının bir istiqaməti də məşğulluq və sosial müdafiə ilə bağlı tədbirlərin həyata keçirilməsini əhatə edirdi ki, bu da Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyinə tapşırıldı. Burada da 10 istiqamətdə işlər aparılır. Bu istiqamətlərdən biri də iş yerlərini itirmiş insanların sosial sığortaya cəlb olunmasıdır. İşsizlikdən sığorta fondu yaradılıb, fondda vəsait var və bu fondun vəsaitindən də iş yerləri bağlanan və vəzifələri ixtisara düşən işçilərlə əlaqədar olaraq, işsizliyə görə sığorta haqqıları ödənilir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə işsizlikdən sığorta alan insanların sayı da genişlənməlidir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni bir layihə üzərində çalışır. Yaxın vaxtlarda həmin layihə Milli Məclisə də daxil olacaq ki, əmək müqaviləsinin pozulması işçi və ya işə götürən tərəfdən pozulursa, müəyyən müddət ərzində işsizlikdən sığorta haqqının verilməsi həmin vətəndaşlara da şamil olunsun. Beləliklə, işsizlikdən sığorta alanların sayı artırılaraq təxminən, 20 min nəfərə çatacaqdır ki, bu da il ərzində iş yerini hər hansı səbəbdən itirən insanlara şamil olunacaq, bu insanların yeni iş tapana qədər sosial təminatları olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün çox mühim istiqamətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB