Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat hazırlayıb

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı bəyanat hazırlayıb
Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinin qırxıncı gününə həsr edilən dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə günahsız qətlə yetirilmiş şəhidimizin timsalında ermənilər tərəfindən 20 il müddətində sərhəd bölgələrində, Qarabağda vəhşicəsinə öldürülmüş azyaşlı vətəndaşlarımızın hüquqlarının tapdanması müzakirə olunub.

Tədbirdə çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova bu hadisəni atəşgah dövründə ermənilər tərəfindən atılmış növbəti vandalizm kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 %-ni işğal altında saxlayan Ermənistan və onun təcavüzkar silahlı qüvvələrinin hərbçiləri azyaşlı uşaqlara yönəlik bu cür amansız qətl faktları ilə insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə düşmən olduqlarını bir daha dünyaya sübut ediblər: "Ancaq bizi təəssüfləndirən odur ki, dünyanın gözü qarşısında baş verən bu qanlı olaylara, məsum uşaqlara qarşı aparılan vandalizm siyasətinə özlərinə "demokratik don" geyindirən Qərb hələ də siyasi qiymət verməyib. Nüfuzlu beynəlxalq uşaq təşkilatları da doqquz yaşlı Farizin qətlə yetirilməsini indiyə kimi qınamayıblar. Bu ikili standartlar həmin dövlətlərin demokratik düşüncə tərzlərindən uzaq olmalarını ortaya qoyur".

Dəyirmi masanın davamında çıxış edən Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva 20 ilə yaxın müddət ərzində Azərbaycan sərhədlərinin pozulduğunu, torpaqlarının işğal olunduğu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yud-yuvasından didərgin düşdüyünü söyləyib. Onun sözlərinə görə, heç bir qanunda yazılmayıb ki, sərhəd zonalarda yaşayan insanları rahat şəkildə öldürmək olar.

"Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələlərə ikili standart, müsəlman ölkələrinə qarşı haqsız mövqe nümayiş etdirirlər. Azərbaycanın öz sərvəti, apardığı siyasət nəticəsində qısa zaman nəticəsində yüksək inkişaf qazandığı üçün ayrı-seçkilik qoyulur. Niyə, dünya, beynəlxalq media, saytlar, təşkilatlar buna susur? Məni əsas düşündürən bizim dərdimizin dünyanın vecinə olmamasıdır. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ötrü təbliğatın yeni növlərini axtarıb tapmaq lazımdır", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən Milli QHT Forumunun sədri Rauf Zeyni vurğulayıb ki, erməni snayperi tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi mətbuatda çox geniş şəkildə işıqlandırılıb. Onun fikrincə, danışıqların səmərəli mərhələsində erməni snayperinin atdığı güllə ABŞ, Rusiya, Fransa, ATƏT, NATO və digər beynəlxalq təşkilatlara atılan güllədir: "Bütün bunlar beynəlxalq konvensiyalara ziddir. Bundan əlavə, bizim ictimaiyyətin özü də müstəqilliyin dəyərini düzgün qiymətləndirməlidir. Bütün gəncləri dövlətçiliyin ətrafında səfərbər etməliyik. Hər kəs bilməlidir ki, biz bu müstəqilliyi 30 min şəhidin, 1 milyon qaçqın və məcburi köçkünün başına gətirilən bəlalar, insanların göz yaşları hesabına əldə etmişik".

Tədbirin davamında çıxış edən qonaqlar da 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinin insanlığa sığmayan bir vəhşilik olduğunu söyləyib və günahkarların cəzalandırılmasının vacib olduğunu qeyd ediblər. Qonaqlar, redaktorlar, yazarlar bu hadisəni dəhşətli fakt kimi qiymətləndiriblər və tədbirin sonunda hazırlanacaq bəyanata öz təkliflərini veriblər. Tədbirin sonunda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası tərəfindən hazırlanan bəyanat oxunub və qeyd olunub bu bəyanat beynəlxalq təşkilatlara, bütün dünya ölkələrinin ali təşkilatlarına göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə