Ermənistan diktatorluğun leqallaşmasına doğru… - TƏHLİL

Ermənistan diktatorluğun leqallaşmasına doğru… - TƏHLİL

Prezident İlham Əliyev: “Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”

“Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir”.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır: ““Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Paşinyan koronavirus pandemiyasından da siyasi məqəsədləri üçün istifadə etməyə başlayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu bu iki il ərzində atdığı addımlara nəzər salsaq, pandemiyanın onun işinə necə yaradığına şahidlik edərik. Məhz bütün dünyada koronavirusla bağlı kütləvi tədbirlərin təxirə salındığı zamanda Paşinyanın təkidi və planı əsasında qondarma “DQR”-də saxta “parlament və prezident” seçkiləri keçirildi. Paşinyan öz adamını ora rəhbər təyin etmək üçün hətta ikinci tur şousuna belə getdi. Ermənistan kimi kiçik ölkədə karantinlə vəziyyətə nəzarətin mümkünlüyü olduğu halda, o, ölkədə fövqəladə vəziyyət elan etdi. Son qərarı isə siyasi rəqiblərini bu adla işdən azad etmək oldu.

Erməni medasının yaydığı məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı və baş nazir Nikol Paşinyanın təklifi ilə İtaliya və Maltadakı səfir Viktoriya Bağdasaryan geri çağrılıb. Qeyd edək ki, koronavirus səbəbilə Ermənistanın Braziliyadakı səfiri Aşot Qaloyan da geri çağırılıb. Hər iki səfirin köhnə komandanın adamı olduğu söylənilir. Paşinyana müxalif mövqedə olan erməni KİV-i hökumətin bu qərarlarını kəskin tənqid edir. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın məsuliyyətsiz faşist xislətli rəhbərliyi Dağlıq Qarabağdakı qondarma rejim “seçki”nin ikinci turunun keçirilməsinə belə, “yox” deməyib. Bax budur, N.Paşinyan siyasətinin biabırçılığı. Bu, Ermənistan rəhbərliyi üçün siyasətin insan həyatından üstün olduğunun göstəricisidir!

Lakin bu da faktdır ki, bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını Ermənistan istisna olmaqla, bütün beynəlxalq birlik tanıyır. Heç bir dövlət qondarma qurumun müstəqilliyini qəbul etmir. Odur ki, Yerevanın Dağlıq Qarabağdakı qondarma rejimi legitimləşdirmək istiqamətində atdığı addımlar mənasızdır. Ermənistan sözügedən “seçkilər”i də bu qondarma qurumu “müstəqil, demokratik respublika” kimi təqdim etmək məqsədilə keçirir.

Hikmət Hacıyev: “Dağlıq Qarabağda qanunsuz “seçkilər”lə bağlı 120 dövlət Azərbaycanın suverenliyini dəstəkləyib”

“Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal altında olan torpaqlarında keçirilmiş “seçkilər”i tanımadı”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi ? Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, qanunsuz “seçkilər”lə bağlı 120 dövlət Azərbaycanın suverenliyini dəstəkləyib. H.Hacıyev qeyd edib ki, koronavirus pandemiyasının yayıldığı dövrdə bu cür “seçkilər”in keçirilməsi açıq şəkildə Ermənistan və qondarma rejimin xislətini bir daha göstərib: “Koronavirusa baxmayaraq, onlar öz çirkin oyunlarını davam etdirib, qondarma “seçki şousu” etdilər. Bu, onların çirkin niyyətini qabarıq şəkildə göstərdi”.

Bu vəziyyətdə, Paşinyan hətta qondarma qurumdakı mövqelərini də saxta “seçki” ilə bərkitdi. Son mərhələdə isə keçmiş hakimiyyətin dönəmində təyinat alan səfirləri geri çağırır. Çox absurd bir qərardı. Dünyanın hələ heç bir ölkəsində koronavirusa görə hansısa səfiri geri çağırmayıblar. Bu addımları pandemiya ilə bağlamaq sadəcə gülüncdür. Hamısında siyasi məqsəd var. Məqsəd - bununla Paşinyan öz siyasi rəqiblərini neytrallaşdırır və hakimiyyətinin təhlükəsizliyini qoruyur. Bu bir daha sübut edir ki, Ermənistanda siyasi addımlar xalqın təhlükəsizliyi üçün deyil, hakimiyyətin qorunması məqsədilə atılır.

Deməli, Paşinyanın hakimiyyətdə mümkün qədər çox qalmaq həvəsi onu ağılsız tədbirlərə əl atmaqdan da çəkindirmir. Bu yolda o, hətta erməniləri yeni mənasız qırğına verməyə də hazırdır. Oyuncaq “DQR”-in “referendum”u ilə tarixdə əsrlərlə “Qarabağ” yazılan və bu adla da tanınan Azərbaycan ərazisinin adını dəyişməklə görəsən nə dəyişəcək?

Şübhəsiz bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur - məqamı gələndə Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək. Və nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək və o torpaqlarda qanunsuz seçki oyunu keçirəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq, istəkləri də ürəylərində qalacaqdar.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə