Biz daim Sizinləyik - Prezidentə yazırlar

Biz daim Sizinləyik - Prezidentə yazırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA bu məktubların daha bir neçəsini təqdim edir:

Sumqayıtda yaşayan Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır:

Möhtərəm cənab Prezident.

Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik.

Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik.

Cəlilabad rayonundan Aidə Məmmədova yazır:

Bizim dəyərli Prezidentimiz.

Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə bizim kimi sadə vətəndaşlara göstərdiyiniz diqqətə görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkür etməyi özümə borc bildim. Sizin kimi dahi və müdrik dövlət başçısı olan bir ölkədə yaşamaq bizim üçün çox gözəl bir mükafatdır. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var.

Mən Sizə möhkəm cansağlığı arzu edirəm. Həmişə ucalarda olun. Azərbaycan xalqı hər zaman Sizin yanınızdadır.

Gəncə şəhəri sakini təqaüdçü Nəbiyev Fazil Səfər oğlunun məktubundan:

Möhtərəm cənab Prezident.

Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaqdır.

Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, tezliklə bu qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.

Yevlax şəhər sakini Knyaz Əliyev yazır:

Möhtərəm cənab Prezident.

Dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticəsidir.

Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin.

Laçın rayonundan məcburi köçkün Əmrah Allahverdizadə Abşeron rayonundan yazır:

Hörmətli cənab Prezident.

Azərbaycan xalqının bu ağır günüdə fasiləsiz çalışdığınıza, insanlara qayğı göstərdiyinizə görə ailəmiz adından Sizə minnətdarlığımı bildiririk. Siz 10 milyonluq Azərbaycana uğurla rəhbərlik edir, insanlara diqqət və qayğınızı əsirgəmirsiniz. Biz də Sizi dəstəkləməyi özümüzə borc bilirik. Mən və ailəm Sizinlə fəxr edirik və daim Sizinləyik.

Allah köməyiniz olsun.

Bakı şəhərindən Səbuhi İsazadə yazır:

Hörmətli cənab Prezident.

Dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir.

Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik.

Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezidentə yazırlar:

Möhtərəm cənab Prezident.

Bütün dünyam lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin, Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və Sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz.

Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik.

Cənab Prezident, Allah Sizə uzun ömür versin, Sizin kölgənizi Azərbaycan dövlətinin, Azərbaycan xalqının üzərindən əskik etməsin.

Paytaxt sakini Vüqar Heybətovdan:

Hörmətli cənab Prezident.

Ölkəmizdə kiçik biznesə göstərdiyiniz yardıma və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bütün xoş niyyətlərinizin həyata keçməsini diləyir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.

Bakı şəhər sakini Pərviz Mustafayev yazır:

Möhtərəm cənab Prezident.

Sizə və Mehriban xanım Əliyevaya öz adımdan və ailəm adından bu çətin günlərdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun.

İsmayıllı rayonundan Kamran Məlikzadə yazır:

Hörmətli cənab Prezident.

COVİD-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə aparılan təxirəsalınmaz tədbirlər Sizin iradəniz və birbaşa nəzarətinizlə uğurla davam etdirilir. Hər zaman vətəndaşının yanında olan Prezident kimi Siz bu çətin dövrdə də bu şərəfli missiyanı həyata keçirir, insanlarımızın qayğısına qalır və onların maraqlarını təmin edirsiniz. Sizə bu çətin və şərəfli yolda ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Bakı şəhərindən Sabir Əfəndiyev yazır:

Möhtərəm cənab Prezident.

Mən pensiyaçı babayam, yeddi nəvəm vardır, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir.

Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin.

Hörmətli Prezident, əlli iki ildən artıq əmək stajım vardır. Bütün həyatım boyu elimə, obama, millətimə, xalqıma, doğma yurduma, Vətənimə bağlı olmuşam, onunla birlikdə addımlamışam, ölkəmin ictimai-siyasi həyatında daim fəal olmağa çalışmışam.

Xoşbəxtlikdən taleyim elə gətirmişdir ki, gənclik-tələbəlik illərim də daxil olmaqla, demək olar ki, bütövlükdə təhsil və əmək fəaliyyətim ulu öndərimiz Heydər Əliyevin Sovetlər İttifaqında və müstəqil Azərbaycanda rəhbər vəzifələrdə olduğu dövrlərə təsadüf edib. Mən onu həmişə böyük maraqla izləmişəm, dinləmişəm, daim ondan öyrənmişəm, daim ona inanmışam və yaxşı bilirəm ki, Siz hansı ictimai-siyasi məktəbin yetirməsisiniz. Odur ki, prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və bir seçici olaraq Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz, doğrudan da, ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimizsiniz, Ali Baş Komandanımızsınız.

Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, “mənəm-mənəm” deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır. Bunları görməyənlər nadandırlar.

Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik. Sizə ailənizlə birlikdə uzun və sağlam ömür, cansağlığı, ailə xoşbəxtliyi, ölkə rəhbəri kimi bütün fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər və uğurlar diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə