Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti maksimum şəffafdır ÖZƏL - AÇIQLAMA
"Fondun fəaliyyəti maksimum şəffaf xarakter daşıyır. Onun istifadəsi prosesi də hər bir vətəndaşımızın məlumatı olacaq bir formada həyata keçiriləcək". Bu sözləri SİA-ya özəl açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəlb edilmiş ianələrin hansı istiqamətdə sərf olunacağı məsələsi ilə bağlı danışarkən deyib.
Hikmət Hacıyev bildirib ki, dövlət başçısının təşəbbüsü ilə yaranmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyəti şəffafdır, hər bir Azərbaycan vətəndaşı bununla qürur duya bilər. Qısa müddət ərzində dövlət qurumları ilə bərabər özəl sektorlar və sadə vətəndaşlarımız istər ölkə daxilindən, istərsə də ölkə xaricindən bu Fonda ianələr ediblər: "İanələrin nəticəsində Dəstək Fonduna müəyyən bir məbləğ toplanıb. Qarşıdan gələn dövr ərzində, o cümlədən, koronavirusa qarşı aparılan mübarizənin tərkib hissəsi kimi ehtiyac duyulan istiqamətlər üzrə bu vəsaitin də istifadə olunması nəzərdə tutulur".
Prezident köməkçisi qeyd edib ki, hər bir sahədə olduğu kimi bu Fondun da fəaliyyəti maksimum şəffaf, açıqdır:
"Hətta, Fonda töhfə verən şəxslərin adları əlifba sırası ilə vəzifəsindən, statusundan asılı olmayaraq veb saytda qeyd olunub. Onun istifadəsi prosesi də hər bir vətəndaşımızın məlumatı olacaq bir formada həyata keçiriləcək. Qeyd olunduğu kimi onun hədəfi koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə dəstək və töhfədən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB