Ödənişli ictimai iş yerlərindən kimlər və necə yararlana biləcək? RƏSMİ AÇIQLAMA

Ödənişli ictimai iş yerlərindən kimlər və necə yararlana biləcək? RƏSMİ AÇIQLAMA

“Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə 50 min ödənişli ictimai iş yeri yaradılması ilə bağlı respublikamızın bütün rayon və şəhərləri üzrə bölgü müəyyənləşdirilib. Prosedurla bağlı mexanizmlər artıq müəyyən edilib”. SİA-nın xəbərinə görə, bu barədə ƏƏSMN-nin Dövlət Məşğulluq Xidmətinin şöbə müdirinin müavini Fərid Həsənov məlumat verib.

Kimlər bu işlərə cəlb ediləcəklər?

O bildirib ki, sözügedən işlərə birdəfəlik ödəmə üçün müraciət etmiş, lakin ödəmə almaq hüququ olmayan şəxslər cəlb ediləcək.

Onun sözlərinə görə, burada əsasən əhalinin həssas qrupları nəzərdə tutulub: “Xüsusilə də məcburi köçkünlərin həmin iş yerlərinə cəlb edilməsi nəzərdə tutulub”.

Yeni yaradılacaq iş yerləri hansı müddəti əhatə edəcək?

F. Həsənov söyləyib ki, 50 min ödənişli ictimai iş yeri yaradılması əsasən aprel və may ayları üçün nəzərdə tutulub: “Əgər karantin müddəti növbəti müddətdə uzadılarsa, o zaman bu işə yenidən baxılacaq və lazım gələrsə ictimai işlərin müddəti uzadılacaq”.

Vətəndaşlar necə müraciət etsin?

Qurum rəsmisi vurğulayıb ki, karantin müddətindən vətəndaşların rayon və şəhərlərdə yerləşən məşğulluq mərkəzlərinə birbaşa müraciət etməsinin mümkünsüzlüyü nəzərə alınaraq, Əmək və Əhalinin Sosial Nazirliyinin mərkəzləşdirilmiş iş elekton informasiya sistemində müvafiq sistemdən qeydiyyatdan keçirək həmin citaimi iş yerlərinə göndəriş ala bilərlər. Eyni zamanda qeyd edim ki həmin sistemdə birdəfəlik yardım üçün müraciət edən lakin müəyyən kriteriyalara görə, həmin yardımı ala bilməyən vətəndaşlarımızla bağlı baza da formalaşıb ki, həmin şəxslərə bu iş yerləri ilə bağlı göndəriş göndəriləcək”.

50 min ödənişli ictimai iş yeri hansı sahələri əhatə edir?

Dövlət Məşğulluq Xidmətinin şöbə müdirinin müavini qeyd edib ki, ödəniş ictimai iş yerləri ilə bağlı əsas vakansiyalar karantin rejimi ilə bağlı olaraq dezinfeksiya işlərinin aparılması ilə bağlıdır: “Bununla yanaşı, ictimai iş yerlərinə həm ahıl yaşlı həm də digər insanlara sosial xidmətlərin göstərilməsi daxildir. İşə qəbul olunan şəxslərlə müddətli əmək müqaviləsi bağlanacaq və respublika üzrə minimum əmək haqqı 250 manat məbləğində ödəniş ediləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə