"İstiliklə bağlı məsələyə bir daha baxılacaq" AÇIQLAMA - ÖZƏL

"İstiliklə bağlı məsələyə bir daha baxılacaq"  AÇIQLAMA - ÖZƏL

“Baş nazirin göstərişinə əsasən, Azərbaycanda istilik mövsümünün aprel ayının 25-dək uzadılması məqsədəuyğun hesab edilib”. Bu barədə SİA-ya “Azəristiliktəchizat” ASC-nin xidmət rəisi Rafiq Əliyev məlumat verib.

O bildirib ki, cənab Prezidentin göstəriş və tövsiyələri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən “Azəristiliktəchizat” ASC və Energetika Nazirliyinə hava proqnozunu təhlil edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları əsasında öncəki günlərdə havanın temperaturundan asılı olaraq istilik mövsümünün müddəti ilə bağlı müvafiq təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edilməsi ilə bağlı göstəriş verilmişdi: “ Bununla əlaqədar Energetika Nazirliyi ilə “Azəristiliktəchizat” ASC tərəfindən müvafiq təhlillər aparılaraq, Nazirlər Kabinetinə təqdim olunan təkliflər əsasında istilik mövsümün uzadılması ilə bağlı qərar qəbul edilib".

Xidmət rəisi qeyd edib ki, hazırda “Azəristiliktəchizat” tərəfindən yaşayış binalarına, zəruri sosial obyektlərə və istiliktəchizatını həyata keçirən bütün qazanxana və istilik məntəqələri tam işlək vəziyyətdədir: “Respublika ərazisində istilik və isti su təchizatında heç bir problem yoxdur. Eyni zamanda “Azəristiliktəchizatın” rəhbər şəxslərindən ibarət gücləndirilmiş iş rejimində, minimal sayda işçiləri işə cəlb etməklə operatib idarəetmə həyata keçirilir. Əgər vətəndaşlarımızı maraqlandıran hər hansı məqam olarsa, o zaman “Azəristiliktəchizat” bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərən 956 Çağrı Mərkəzinə, eyni zamanda rəsmi “facebook” səhifəsinə müraciət edə bilərlər. Edilən müraciətlər əsasında dərhal araşdırmalar aparılacaq”.

R. Əliyev vurğulayıb ki, bildiyiniz kimi ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar sosial təcrid tədbirlərinin həyata keçirilən zaman əsas tədbirlərdən biri vətəndaşlarımızın evdə qaldığı müddətdə onların fasiləsiz kommunal xidmət təchizatları ilə təmin olunmasıdır: " Bununla əlaqədar olaraq, aprelin 25-dən sonra zərurət olduğu halda, havanın temperaturuna uyğun olaraq istiliklə bağlı məsələyə bir daha baxılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə