Türk Şurasının Zirvə görüşü tarixi bir hadisədir ÖZƏL-MÜNASİBƏT

Türk Şurasının Zirvə görüşü tarixi bir hadisədir ÖZƏL-MÜNASİBƏT

Türk Şurasının videokonfransının təşkili, ələlxüsus yeni dövrdə, hansı ki, pandemiyadan sonra faktiki olaraq bütün ictimai fikir mərkəzləri də qəbul ediblər ki, dövlətlərarası, xalqlararası, təşkilatlararası, hətta insanlararası münasibətdə belə yeni bir düzən yaranıbdır və bu düzən fonunda Azərbaycan dövlət başçısının təşəbbüsü ilə və sədrliyi ilə videokonfrans şəklində də olsa Türk Şurasının yığışması xüsusi tarixi bir hadisədir. Bu sözləri SİA-ya müsahibəsində Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvu Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, məsələn, çox illər öncədən yaranmış və dünyada dövlətlərarası münasibətlərdə bir nümunəvi model olaraq göstərilən Avropa Birliyinin özündə hansı mərkəzdənqaçma meyillərinin olduğunu görməkdəyik hal-hazırda və bu tarixilik odur ki, bu fonda Türk Şurası ölkələri bir araya gələ bilir. “Xüsusilə İtaliyanın ictimai fikir mərkəzlərinin, hətta dövlət xadimlərinin, məmurlarının, qələm adamlarının, ümumiyyətlə ictimai fikri qidalandıran insanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının Avropadakı həmkarlarına, Avropa dövlət başçılarına qınaqlarını hər birimiz eşitməkdə və görməkdəyik. Avropa Birliyinə istər tarixi baxımından, sivilizasiyalar, mədəniyyətlərarası dialoq baxımından, ümumiyyətlə strateji mövqeyi olan, ənənələri, tarixi, mədəniyyəti olan, özünəməxsus dövlətçilik ənənələri olan bir dövlət olaraq İtaliyanın istər tarixdə, istər Avropa Birliyi təsis olunandan sonra, istərsə də lap bu çağdaş dönəmlərimizdə hansı tövhələr verdiyi vurğulanan həmin o bir qədər öncə qeyd etdiyimiz qınaqlarda Avropa Birliyinin gələcəyi haqqında suallar da yaranmaqdadır. Bu suallar Böyük Britaniyadan da səslənir. Uzun müddətdir ki, Böyük Britaniyanın Avropa Birliyi ilə münasibətlərini sıfırlamaq prosesləri bütün müstəvilərdə davam etməkdədir. Digər bir tərəfdən Almaniya və Fransanın özündə pandemiya dövründə yaşananlar da həmçinin. Belə məlum oldu ki, hər dövlət öz sərhədlərinə çəkilir, hər dövlət öz qayğıları ilə məşğuldur. Bu bir mənada başadüşüləndir. Bu hər bir dövlətin haqqıdır. Bizim dövlətimiz də, bizim vətəndaşlarımız da ilk növbədə özümüzü düşünürük və düşünməliyik də. Bu başadüşüləndir, amma Avropa Birliyi kimi xüsusi bir təsisatın, dövlətlərarası münasibətlərdə dünyaya nümunə göstərilən təşkilatın qısa müddətdə belə hazırlıqsız vəziyyətə düşməsi və öz missiyasını, mandatını yerinə yetirə bilməməsi fonunda Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Türk Şurasının toparlanması və hadisələrə olumlu yanaşması, qiymətli fikirlər paylaşması mən elə bilirəm ki, bizim vətəndaşlarımızın diqqətindən yayınmamışdır.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti, Türkiyə Prezidenti, digər qardaş ölkə və dövlət başçıları öz ölkələrində pandemiya dövründə görülmüş işlərlə bağlı həmkarlarına məlumat verdilər. Qarşıda duran vəzifələri, bir-birilərinə necə yardım etmək imkanlarını müzakirə etdilər və heç kəsə sirr deyil ki, Azərbaycanın bu proseslər dövründə bir nümunə yaratdığı da elə bilirəm ki, qardaş cümhuriyyətlər tərəfindən görülməkdədir. Proseslərə operativ reaksiya verilməsi, Nazirlər Kabineti yanında xüsusi kabinetin yaradılması, zatən o qərargahın adında da operativ sözünün olması qiymətləndirilməlidir və bunun bir təsadüf olmadığını qeyd etməliyik. Digər tərəfdən xüsusi fondun yaradılması, dövlət başçısının sərəncamı ilə həmin fonda ilkin olaraq 20 milyon manat vəsaitin köçürülməsi həm də vətəndaşlarımız, təşkilatlar və digər qurumlar tərəfindən artıq etiraf olunacaq və qiymətləndiriləcək miqdarda, milyonlarla manat vəsaitin köçürülməsi habelə, Cənab Prezidentinin özünün digər bir sərəncamı ilə pandemiya dövründə zərər çəkən vətəndaşlara, hüquqi şəxslərə, sahibkarlara dəstək üçün böyük miqdarda vəsaitin ayrılması, bax bunların hər biri həm bir nümunə kimi, həm vətəndaş-dövlət münasibətlərində olan mühüm hadisələr kimi elə bilirəm qardaş cümhuriyyətlərdə də qeyd olunur, öyrənilir və bunlar da ümumi işin xeyrinədir.

Əlbəttə, dövlətlərarası münasibətlərdə, xüsusilə, qardaş dövlətlər arası əlaqələrdə münasibətlər birtərəfli deyil, qarşılıqlı maraqlar gözlənilir. Bizim birimizin qayğısı obirimizin də qayğısıdır. Birimizin uğuru obirimizin də uğurudur. Əgər digər qardaş cümhuriyyətlərimizin hanslndasa hərhansı bir sahə ilə bağlı, istər pandemiya dövrü olsun, istərsə də ondan qabaq olsun, bir nümunə olarsa biz o nümunəni böyük məhəbbətlə öz nümunəmiz kimi qəbul etməyə əlbəttə hazırıq və burada incidəcək bir şey yoxdur. Ancaq biz qürur hissi ilə deyirik ki, biz bu gün bu elan olunmamış sanki ümumdünya müharibəsində, Cənab Prezidentin də dediyi kimi gözəgörünməz bir düşmənlə bəşəriyyətin apardığı mübarizədə Azərbaycan dövlətinin, xalqımızın çox yüksək ləyaqətlə davranması elə bilirəm ki, yeni dövrün, xüsusilə post-pandemiya dövründə araşdırmaçıların müraciət edəcəkləri mövzular içərisində bir tarixi hadisə kimi qeyd olunacaq.

Könül istər ki, pandemiya dövrü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən obyektiv əsaslarla artıq görülmüş işlərdən sonra bir an öncə sonlandığı bildirilsin və bundan sonra bu dövrdə nə kimi itgilərimiz olub, nə kimi itgilərdən yayına bilmişik, qarşıda nə kimi vəzifələr durur bunu həm dövlət olaraq, həm xalq olaraq, həm hər birimiz fərdi şəkildə özümüz-özümüzə hesabat verməliyik, qiymətləndirməliyik və gələcək vəzifələrimizi müəyyənləşdirməliyik”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə