Uşaqlara qarşı alçaldıcı hərəkətlərlə bağlı aidiyyatı qurumlara müraciət edilib

"Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilməsi və sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılanıb". SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında yer alıb.

Məlumatda qeyd edilir ki, qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib: "Faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində ciddi addımların atılması tələb olunub.

Azərbaycanda uşaqlara diqqət və qayğı, onların yüksək səviyyədə tərbiyəsi, layiqli vətəndaş olaraq böyüməsi milli-mənəvi dəyərlərimizdə mühüm yer tutur. Azərbaycan Republikasının Konstitusiyasında da vurğulandığı kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Hər bir valideyn anlamalıdır ki, uşaqların mənəviyyatına xələl gətirən hərəkətlər onların bir vətəndaş olaraq tərbiyəsinə mənfi təsir göstərir. Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalardan biri olan BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası uşaqlardan sui-istifadə hallarını, onların mənəviyyatının alçaldılmasını qəti şəkildə yolverilməz hesab edir və dövlət də hüquqi dövlət olaraq Azərbaycan Konvensiyanın prinsiplərini üstün tutaraq bu hallarla ciddi mübarizə aparır".

Komitədən bildirilib ki, hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqın həmrəylik prinsiplərinə ziddir: "Hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətə və bir-birlərinə dəstək olmağa səsləyirik. Qeyd olunan məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...