Koronavirusla bağlı şərh: "Bu Qreta Tunberqin oyunları idi" ÖZƏL - AÇIQLAMA

"Qreta Tunberq çıxış etdi. Bu onun oyunları idi. Bütün dünyada havanı təmizləsinlər deyə iqtisadi cəhətdən bütün dövlətlərə zərbə endirdilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov koronavirus pandemiyası ilə mübarizədə həm insanların aktiv həyat fəaliyyətini dayandırması, bir sıra müəssisələrin fəaliyyətini məhdudlaşdırması, həm də nəqliyyat vasitələrinin hərəkətinin azalmasının ekoloji cəhətdən müsbət nəticə verdiyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Ekoloqun sözlərinə görə, Azərbaycanda zavod və fabrik azdır bu da havanın çirklənməsinə bir o qədər də təsir etmir: "Bu müəssisələr fəaliyyətini dayandırıb və onlar havanı çirkləndirmir. Eyni zamanda nəliyyatın miqdarı da azalıb. Lakin, havanı 60-70 faiz çirkləndirən əsas amil tullantılardır. Bu barədə danışmaq lazımdır.

Koronavirusu adicə oyuncaq kimi qəbul etmək olmaz. İsveç iqlim fəalı Qreta Tunberq çıxış etdi. Bu onun oyunları idi. Bütün dünyada havanı təmizləsinlər deyə iqtisadi cəhətdən bütün dövlətlərə zərbə endirdilər. Eyni zamanda da Azərbaycana. Bu koronavirus oyunu elə belə deyil. Yer kürəsi yaranmayıb ki, insanların əlində oyuncaq olsun".

Qreta Tunberqin ideyalarının bu pandemiya ilə əlaqələndiyi təsdiqləyən Telman Zeynalov vurğulayıb ki, onun ideyaları bu prosesə birbaşa təsir göstərib: "Hava müəyyən qədər təmizləyib. Neft məhsulları az satılıb. Yanacaq nöqtələrində neft az satılır. Ətraf mühiti çirkləndirmə azalıb. Bəs tullantılar? Nə üçün düşünmürlər ki, koronavirusdan qorunmaq üçün insanlar istifadə etdikləri qoruyucu maskaları, əlcəkləri hara atırlar? Onları necə istehsal edirlər? Onları necə təkrar emal edirlər? Bu zəhərdir. Bu barədə danışsınlar? Bu barədə heç kəs heç nə danışmır. Virus asanlıqla ölmür. Min illər sonra da bu virus yarana bilər".

Qeyd edək ki, ekoloji məsələlərlə bağlı proqnoz və statistikalar dərc edən bir çox mənbə havanın son bir ayda nisbətən təmizləndiyini bildiriblər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə