Bahar Muradova: "Səfirlər elə etməlidir ki, onların buradakı missiyasının üzərinə kölgə salınmasın" - MÜSAHİBƏ

Bahar Muradova: "Səfirlər elə etməlidir ki, onların buradakı missiyasının üzərinə kölgə salınmasın" - MÜSAHİBƏ

Parlamentin vitse-spikeri Bahar Muradovanın SİA-ya müsahibəsi

- Bahar xanım, ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə şərh edərdiniz?

- Müstəqil, demokratik Azərbaycan Respublikasında ictimai-siyasi vəziyyət olduqca normaldır. Azərbaycan dövləti çox böyük əziyyətlər, çətinliklər hesabına bu ictimai-siyasi sabitliyi əldə edib. Ölkəmiz həm siyasi, iqtisadi, sosial, həm də mədəni və mənəvi cəhətdən inkişaf edib. Azərbaycanda söz və mətbuat azadlığı var, vətəndaşlar sərbəst şəkildə öz iqtisadi, siyasi və ictimai maraqlarını reallaşdıra bilir. Amma nədənsə, bəzi radikal qüvvələr var ki, ölkəmizdə mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Təbii ki, radikalların bu cəhdləri, hər zaman olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək. Azərbaycan xalqı ictimai-siyasi sabitliyi qorumaq iqtidarındadır və israrla bu mövqeni də ortaya qoyurlar. Ona görə də uzaq perspektivdə də Azərbaycan dövlətində ictimai-siyasi mühitin sabit olacağı qənaətindəyəm.

- Ərəb ölkələrində baş verən iğişaşlardan, qalmaqallardan ruhlanan İsa Qəmbərov, Əli Kərimov kimi şəxslər qeyd etdiyiniz mövcud sabitliyi pozmağa çalışırlar. Sizcə, onların buna gücü və qüvvələri çatarmı?

- Əslində, radikal dairələr və onların fəaliyyəti haqqında bu qədər geniş müzakirə aparmağın tərəfdarı deyiləm. Çünki ortada müxalifətçilərin konkret fəaliyyəti yoxdur. Biz isə, onlar haqqında bu qədər geniş müzakirə aparanda, kimlərsə düşünə bilər ki, görünür, ortada nə isə var. Azərbaycanda ictimai-siyasi mühitin çox vacib və möhkəm dayaqları var. Ona görə də, bu sabitliyi pozmaq istiqamətində fəaliyyətlərini quran dairələrin cəhdləri qəti şəkildə nəticə verməyəcək. İctimai-siyasi sabitliyi əldə etmək və onu qorumaq üçün çox səylər göstərmişik. Bu yolda bir çox təxribatçı hərəkətlərin, pozuculuq fəaliyyətlərinin qarşısını almışıq. Bunu dəyərləndirən insanlar da Azərbaycan hökuməti və vətəndaşlarının dəstəyinə istinad edərək, bu sabitliyin qorunması istiqamətində öz üzərinə düşən bütün vəzifələri yerinə yetirirlər. Pozucu radikal qruplar isə, Azərbaycanda həmişə olub və bu gün də var. Onların öz maraqlarını, şəxsi ambisiyalarını reallaşdırması üçün Azərbaycan cəmiyyətində münbit şərait yoxdur. Radikallar həmin mühiti yaratmaq istiqamətində ən müxtəlif faktorlardan qidalanaraq, fəaliyyət göstərməyə çalışırlar. Həmin baş tutmayan cəhdləri, uğursuz fəaliyyətləri çox görmüşük. Düşünmürəm ki, müxalifətin kənar təsirlərdən qaynaqlanan hərəkətləri Azərbaycan cəmiyyətində özünə yer tapa bilsin. Azərbaycan xalqının çox qətiyyətli mövqeyi var və bütün gənclər yalnız bir partiyanın -Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşib.

- ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycanda guya mətbuat azadlığının pozulduğunu, sərbəst toplaşma azadlığına müəyyən mane yaradılmasına dair hesabat yayıb. Sizcə, təəssüf doğuran hesabatı necə dəyərləndirmək olar?

- ABŞ Dövlət Departamenti bu cür hesabatı hazırlamasına və ictimaiyyətə təqdim etməsinə münasibət dünyada birmənalı deyil. Çünki dünyanın ayrılıqda götürülmüş bir ölkəsi bütün dünyaya cavabdeh kimi özünü aparmaq iddiasını ortaya qoyur. Öz ölkəsindəki problemləri bir tərəfə qoyaraq, ayrı-ayrı dövlətlər daxilindəki vəziyyəti dəyərləndirmək istiqamətində addımlar atırlar. Təbii ki, bu cür dəyərləndirmə heç vaxt həqiqəti əks etdirmir və reallığa söykənmir. Belə halların olması məlum məsələdir ki, cəmiyyətimizdə narahatlıq və narazılıq doğurur. Hətta bu cür hesabatlar hazılanarkən belə qeyri-obyektiv mənbələrə istinad edilməsinin özü də çox böyük bir səhv hərəkət sayılmalıdır.

- ABŞ Dövlət Departamentinin reallığı əks etdirməyən hesabatı ilə bəzi Azərbaycan dövlətindəki bəzi səfirlərin Müsavat qərargahına gedərək, İsa Qəmbərovla görüşməsi ilə bağlı nə deyə bilərsiz. İddialara görə, İsa Qəmbərov və Əli Kərimov bu səfirlərdən maliyyə yardımı istəyib.

- Hesab edirəm ki, bütün bunlarla bağlı izahatı İ. Qəmbərovun və "İctimai Palata" adlanan qurumun dəvətini qəbul edib Müsavat qərargahına gedən ölkələrin səfirləri verməlidir. Əgər ortada belə bir ehtimal varsa, onlar bunu açıq-aşkar şəkildə ictimaiyyətə bəyan etməlidirlər. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, siyasi partiyalar xarici ölkədən maliyyə yardımı ala bilməz. Bu, özlüyündə böyük bir qanun pozuntusudur. Bunun üçün Azərbaycan Konstitusiyasında müvafiq cəza tədbirləri nəzərdə tutulur. Amma mütləq bütün bunlarla bağlı açıqlama verməlidirlər. Çünki zaman-zaman biz ABŞ da daxil olmaqla, bir çox ölkələrin nümayəndələrinin, eləcə də, beynəlxalq təşkilatların şəffaflıqla bağlı tələblərini eşidirik. Həmin dövlətlər, qurumlar demokratik cəmiyyətlərdə şəffaflığın ən vacib element olduğunu vurğulayır. Şəffaflıq tələb edən və bunu vurğulayan dairələrin özlərinin də fəaliyyəti tam şəkildə şəffaflığa söykənməlidir. Onların buradakı missiyasının üzərinə kölgə salmamalıdır. Ona görə də, düşünürəm ki, həmin səfirlər bu barədə Azərbaycan cəmiyyətini inandırmalıdırlar ki, belə bir şey olmayıb. Bunu təkcə sözdə yox, həm də əməldə sübuta yetirməlidirlər. Bildiyim qədər səfirlərin ölkələrdə fəaliyyəti öz ölkələrini və onların maraqlarını təmsil etmək heç də ölkədə gedən siyasi proseslərin iştirakçısına çevrilməməkdir. Bu cür siyasi proseslərin iştirakçısında qətiyyən tərəf olmamalıdırlar. Doğrudur, bu kimi görüşlər bizə belə bir qənaətə gəlməyə əsas verir ki, onlar tərəf çevirmək istiqamətində addımlar atır. Çox istərdim ki, onlar bu kimi addımlardan çəkinsinlər. Həmin səfirlər Azərbaycanla bu ölkələr arasındakı münasibətlərin rolunu nəzərə alsınlar, həmçinin, diplomatik qaydalara ciddi şəkildə əməl etsinlər. Əks təqdirdə, düşünürəm ki, bu, onların imicinə ciddi şəkildə ziyan vura bilər. O ki qaldı, bu söhbətdə iştirak edən ikinci tərəf - Azərbaycanda radikal mövqeli insanlara, onların liderləri unutmamalıdır ki, onların da fəaliyyəti şəffaf olmalıdır. Radikal müxalifət liderləri gəncləri zərərli təbliğat vasitəsilə mövcud ictimai-siyasi sabitliyi pozmağa yönələn hərəkətlərə təhrik etməməlidirlər. Onlar bu cür pozucu təbliğatdan çəkinməlidirlər. Digər tərəfdən istər Müsavat qərargahına görüşə gedən səfirlər, istərsə də mövcud sabitliyi pozmağa çalışan radikal qüvvələrdən həddən artıq hərəkətlərinə fikir verməyi və Azərbaycan qanunlarına əməl etmələrini tələb edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə