Koronavirusa qarşı peyvənd nə vaxt hazır olacaq? MÜTƏXƏSSİS AÇIQLADI

Rusiya insanları koronovirusdan qorumaq üçün hazırlanacaq peyvəndin hazır olacağı müddəti açıqlayıb. SİA-nın Ria Novosti-yə istinadın verdiyi xəbərə görə, bu barədə müsahibə verən molekulyar virusologiya və onkologiya sahəsində tədqiqat rəhbəri Andrey Kozlov peyvəndin 1 il müddətində hazır olacağını açıqlayıb.

O bildirib ki, hazırlanacaq DNT peyvəndi çox təhlükəsiz olacaq.

Onun sözlərinə görə, vaksinin texnoloji xüsusiyyəti virus genlərinin alınaraq DNT-yə əsaslanan bir vektora daxil edilməsidir: "Ən maraqlı məsələ peyvəndin yoluxucu olmamasıdır. Bu cür peyvəndlər yan təsirə malik olmur. DNT peyvəndi çox təhlükəsizdir, bədənə daxil olan zülalları sintez edir və bədəndə immun sistemini inkişaf etdirir. Biz artıq peyvənd üçün hansı genlərdən istifadə ediləcəyini və hansı vektorların daxil ediləcəyini müəyyənləşdirmişik".

Mütəxəssis qeyd edib ki, peyvənd bir neçə ay ərzində heyvanlar üzərində daha sonra isə könüllülərdə sınaqdan keçiriləcək.

Xatırladaq ki, bundan öncə Kozlov, qrip və herpes virusları kimi koronavirusun da beynin bütün hissələrinin ölümünə səbəb ola biləcəyini söyləmişdi. O qeyd etmişdi ki, COVID-19 olan bəzi xəstələrdə ağciyər pozğunluqları deyil, yaddaş itkinliyi və və ya epileptik əlamətlər müşahidə olunub.

"Əvvəllər qeyd olunan dad və qoxu itkisi ilə birlikdə bu cür simptomlar koronavirus infeksiyasının beyin toxumasına təsir etdiyini göstərir", - deyə o qeyd edib.

Qeyd edək ki. Ümümdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını dünyada pandemiya elan edib. Son rəqəmlərə əsasən dünyada virusa yoluxanların sayı 1.6 milyonu ötüb, ölənlərin sayı 100 minə yaxınlaşır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə