Azərbaycanın İtaliyaya göstərdiyi həmrəylik yenidən yerli mətbuatın gündəmindədir

Azərbaycan İtaliya ilə həmrəyliyini və yarımadanın COVID-19 virusuna qarşı apardığı mübarizəni dəstəkləyən daha bir aksiya edib. Bakı Media Mərkəzinin videoçarxından sonra aprelin 8-dən 9-na keçən gecə Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya bayrağı videoproyeksiya olunub. Aksiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. SİA xəbər verir ki, sözügedən aksiya İtaliya mətbuatının gündəmindədir. Müxtəlif KİV-lərdə dərc olunan məqalələrdə bildirilir ki, Heydər Əliyev Fondu uzun illərdir Azərbaycan mədəniyyətinin dünyada yayılması, habelə beynəlxalq mədəni əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyət göstərir. Bu fəaliyyət çərçivəsində İtaliya ilə Azərbaycan arasında sıx mədəni əməkdaşlıq qurulub. İtaliyada baş verənlərə dəstək məqsədilə keçirilən bu aksiyada Heydər Əliyev Mərkəzinin seçilməsi də böyük əhəmiyyətə malikdir. Dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilən mərkəz dünya arxitetkturası inciləri arasındadır. Məhz bu binanın üzərində İtaliya bayrağının videoproyeksiya xüsusi möhtəşəmliyi ilə fərəh hissi yaradıb. Vurğulanıb ki, bu dəstək ilk deyil. Daha əvvəl də Bakı Media Mərkəzinin təşəbbüsü ilə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyası təqdim olunmuşdu. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayiəti ilə hazırlanan videonun sonunda italyan dilində "İtaliya, Azərbaycan səninlədir!" , "Evdə qalın!" , " Hər şey yaxşı olacaq!" müraciətləri qeyd olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə