Mirkazım Seyidov: “Hakimiyyəti ələ keçirmək naminə gəlin, bütün şəxsiyyətimizi ayaqlar altına atmayaq”-MÜSAHİBƏ
Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidovun SİA-ya müsahibəsi:
- Ölkədə son günlərdə müxalifətin keçirdiyi aksiyaları, bu aksiyalara daha çox gənclərin cəlb olunmasını və xaricdən dəstək almalarını necə qiymətləndirirsiniz?
- Bunlar çox ciddi məsələlərdir. Ümumiyyətlə, təxribatlar, iğtişaşlar yaratmaq, stabilliyi pozmaq kimi mexanizmlərdən istifadə etmək halları tək bizim dövlətə yox, o cümlədən digər dövlətlərə qarşı da istifadə edilib. Bu faktın özü pis bir amildir. Bütün insanlar və xüsusən də gənclər başa düşməlidir ki, bu gün Azərbaycanda bu mexanizmin tətbiq olunması hansı yolla olur-olsun, hakimiyyətə gəlmək məqsədi daşıyır. Belə ki, onlar ölkədə xaos yaratmaq, stabilliyi pozmaqla hakimiyyəti ələ keçirmək məqsədi güdürlər. Bu çox çirkin texnologiyadır. Demokratiyanı daha da inkişaf etdirmək üçün müxtəlif mexanizmlər, yeni modellərdən istifadə etmək olar. Xaos yaratmaq, xüsusən gəncləri buraya cəlb etmək, onların beynini zəhərləmək öz xalqına, öz millətinə qarşı xəyanət kimi qiymətləndirilməlidir. Bunlar Azərbaycan xalqının, ictimaiyyətinin qınağına haqlı olaraq səbəb olur.
Bu gün bütün xalqın müxtəlif sahələrində olan insanlara başa salmaq lazımdır ki, bu gün əgər Qərbin və ya başqa Azərbaycanı sevməyən dövlətlərin, təşkilatların köməyi ilə pul alıb stabilliyi pozmaq istəyən qüvvələr ilk növbədə Azərbaycan xalqının, dövlətinin əleyhinə yönədilən maraqlardır. Hər hansı pul elə-belə verilmir və bunların qarşısında hesabatlar, tələblər qoyulur və bu gün müxalifət xaricdən aldığı bu pullara hər hansı öhdəliklə cavab verməlidir. Yəni, bu öhdəliklər də təbii ki, Azərbaycanda iğtişaşların, xaos şəraitin yaradılmasına, stabilliyin pozulmasına yönəldilməlidir ki, bununla da onlar aldıqları pulların hesabatını vermiş olurlar. Bütün bunlar təhlükəli amillərdir və bu xalqa izah edilməlidir.
İkinci bir cəhətdən buna gəncləri cəlb edirlər. Biz görürük ki, yeni gənclərin buna münasibəti çox neqativdir. Bunu bu və ya digər formada nümayiş etdirirlər, bu gün şüarlarla küçələrə çıxırlar. Müxalifətin tutduğu bu mövqeyə etirazlarını bildirirlər.
Xalq, millət arasında təbliğat-təşviqat işlərini gücləndirmək lazımdır ki, doğrudan da bu radikal müxalifətin qarşısına qoyduğu bir məqsəd var. Hər kəsi başa salmaq lazımdır ki, onlar buna nail olsalar, bizim xalqımızı, dövlətimizi nə gözləyir. Yəni, bunun mahiyyətini xalqımız dərindən dərk etməlidir. Onlara qarşı münasibət bildirilməlidir. Onda daha çox effekt müşahidə olunacaq. Bunu bu gün tək gənclərin üzərinə qoymaq lazım deyil, bütövlükdə bu məsələlərə bu gün ziyalıların münasibəti olmalıdır. Ziyalılar bu gün xalqa müraciət etməli, xalqa izah etməlidilər ki, bu radikal müxalifətin hərəkətlərindən həm özlərini qorusunlar, həm də onların apardığı siyasətin mənfi tərəfləri hansı formada dövlətimizə ziyan gətirə biləcəyini bilsinlər. Bunları ziyalıların dilindən eşitməliyik. Onlar radikal müxalifətə müraciət etməlidirlər ki, bu yol düzgün yol deyil. Bu gün müxalifətin apardığı səhv addım fiaskoya uğradıqdan sonra onların övladları cəmiyyətdə öz yerlərini tapa bilməzlər. Onların uşaqları valideynlərin etdiyi hərəkətlərdən xəcalət çəkəcəklər. Onlar da bu vətənin oğullarıdırlar. Vətənə xəyanət etmək, bütün maraqları gözləmək olmaz. Demirəm ki, onlar siyasi mübarizə aparmasınlar, hətta buna hakimiyyətə gəlmək üçün siyasi partiya olaraq haqqları da var. Onlara imkanları da var ki, mübarizəni başqa formada aparsınlar. Parlamentə gəlməyə, dövlət strukturlarında təmsil olunmağa hüquqları var. Dövlətin bütün strukturaları YAP-nin üzvləri üçün deyil, burada bütün partiyalardan olan nümayəndələr, hətta müstəqil insanlar çalışır. Bu gün iğtişaş yolu ilə hakimiyyətə gələn sabah gənclərə necə təlim verə bilər. Onların da beyinlərində ancaq bir şey formalaşa bilər ki, bu da hakimiyyətə ancaq zor gücü ilə baxmaq. Bu da vətəndaş müharibəsi ilə xalqı qarşı-qarşıya qoymaqdır. Bizim millətimiz çoxmillətli dövlətdir.
Bu gün Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətləri, dünya dövlətləri qarşısında imicimizi bir gündə müxalifətin iğtişaşı, gəncləri zəhərlərməsi ilə poza bilmərik. Ən əsası isə qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi təhlükə altına qoya bilmərik. Ona görə də bütün müxalifət nümayəndələri, onlara qoşulan gənclərə üzümü tutub demək istəyirəm ki, milli birliyimiz, milli şüurumuzun formalaşması naminə, müstəqilliyimizin qorunub saxlanması və inkişafı naminə öz siyasi mübarizəsində başqa yol, demokratik sivil yol seçin. Bu gün Əli Kərimlər, İsa Qəmbərlər bilməlidirlər ki, bu mübarizə yolu deyil. Bu vətəndaş müharibəsinə çağırış yoludur. Biz öz ağır problemimizi, torpaqlarımızın geri qaytarılmasını əsaslı şəkildə təmin edə bilməmişik, dünya dövlətlərinin ikili standartlı oyunları hələ bizə imkan verməyib ki, biz öz problemlərimizi həll edək. Gəlin indi milli birliyimiz uğrunda çağırışlar edək, dünya azərbaycanlılarının birləşməsinə, formalaşmasına çağıraq, amma vətəndaş müharibəsi, qardaş qırğınına yox. Hakimiyyəti ələ keçirmək naminə gəlin bütün şəxsiyyətimizi ayaqlar altına atmayaq. Müxalifət birmənalı olaraq bilməlidir ki, onların apardıqları fəaliyyətin arxasında vətənə, xalqa xəyanət durur. Nəyinsə xatirinə bu xəyanətə getmək lazım deyil. Gəlin bu çirkin pulları qoyaq qırağa. Mübarizə üçün başqa yol seçək, açıq dialoqa çıxaq. Bu gün sivil qaydada İsa Qəmbər, Əli Kərimli, müxalifətin digər bloku dövlət rəhbərinə müraciət etsinlər. Bir stol arxasında prezident onlarla görüşməyə hazırdır. Onların Azərbaycançılıq, dövlətçilik, Heydər Əliyevçilik naminə onların bütün təkliflərinə baxmağa hazırdır. Prezident yalnız iqtidarın deyil, 9 milyonluq Azərbaycanın, 50 milyonluq azərbaycanlıların prezidentidir. Mən ona görə əminəm ki, Heydər Əliyev irsinin davamçısı olan İlham Əliyev müxalifətlə dialoqa getməyə hazırdır.
- Liviyada baş verən hadisələrdən sonra BMT qətnamə çıxardı və bu qətnamənin dərhal icrasına başladı. Bəs, 20 ildir, Azərbaycanın işğal olunmuş torpaqlarından ermənilərin qeyd-şərtsiz çıxarılmasını özündə əks etdirən BMT-nin 4 qətnaməsi niyə hələ də icra olunmur?
- Mən bunu tarix boyu Azərbaycana qarşı aparılan qeyri-normal siyasətin təzahürü kimi görürəm. Hələ 1918-ci ilə qədər Azərbaycana qarşı onun ərazisinin bölünməsi siyasəti aparılıb. Azərbaycan və türk dövlətinə qarşı birmənalı şəkildə maraqlı dövlətlərin maraqları çərçivəsində soyqırımı siyasəti aparılıb, Azərbaycan və türk xalqları genosidə məruz qalıblar. Azərbaycan torpaqları daim parçalanıb. 1813-ci il Gülüstan və 1828-cü il Türkmənçay sülh müqaviləri zəminində Azərbaycan torpaqları bölünüb, məqsədli şəkildə bütün Azərbaycan ərazilərinə ermənilər yerləşdirilib, çar Rusiyasında oktyabr inqilabına qədər bu siyasət həyata keçirilib. Bu gün Ermənistan adlanan bütün dövlətin ərazisi heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi torpaqlarıdır. Bunu artıq təkcə Azərbaycan deyil, bütün dünya ölkələri də bilir. Ermənistan dövlətini yaradaraq çar Rusiyası öz məqsədlərinə nail olmağa çalışıb. Hazırda da Rusiyanın bu siyasəti davam etdirir. 1988-1993-cü ilə qədər Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsinin törədilməsi bu siyasətin davamı olaraq qəbul edilir. 1993-cu ildə bu siyasət sona çatıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Ermənilərin bu siyasətinin qarşısı alındı. Onun beynəlxalq imici, xarici dövlətlərə təsir edə bilməsi və ideologiyası əsas verdi ki, vətəndaş müharibəsi saxlanılsın və eyni zamanda, Azərbaycanı birmənalı şəkildə parçalamaqdan xilas etdi. Azərbaycanın güclü inkişaf strategiyasını işləyib hazırladı ki, bu Azərbaycanın daha qüdrətlənməsinə, çiçəklənməsinə gətirib çıxarıb.
Azərbaycnın başına açılan bütün bu oyunlar dünya dövlətləri tərəfindən iki standartlı oyunlar tərəfindən həyata keçirilib. ATƏT deyilən bir qurum yaradılıb ki, o da problemlərin həllində ədalətli mövqe tutsun. Bu ədalətli mövqe Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxarsın. Amma biz bunların əksini gördük. Bu günə kimi ATƏT, ABŞ iki standartlı oyun oynayaraq, buna düzgün yanaşmayıb və ya yanaşmaq istəməyib. Buna görə də münaqişə öz həllini tapmayıb. Haqlı olaraq BMT adlı quruma Azərbaycan xalqı adından belə bir sual vermək olar. Əgər bugün Liviya və ya başqa ərəb ölkələrində BMT tərəfindən qəbul edilən qətnamələr bir gün ərzində öz həllinin tapırsa, bu 20 il ərzində nə üçün BMT-nin qəbul etdiyi 4 qətnamə öz icrasını tapmayıb?. Mən heç təsəvvür edə bilmirəm ki, BMT bu suala necə cavab verə bilər? Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar hüquqi qiymət alıb. Ancaq heç bir qəbul olunan qərarlar, heç bir ATƏT-in apardığı mövqelər nəinki öz həllini tapmır, hətta bu istiqamətdə ciddi bir addımın şahidi olmamışıq. Bunları da deməyə əsas verir ki, artıq beynəlxalq təşkilatlar ya bu məsələni həll etməyə maraqlı və ya gücündə deyillər. Bunların da arxasında hüquqi dövlət dayana bilər. Əgər bu gün Ermənistan özünü azad şəkildə aparırsa, öz çirkin ideyalarını həyata keçirə bilirsə, bunun beynəlxalq ictiamiyyət təşkilatlardan qorxmadan nümayiş etdirirsə, bunun nə adı ola bilər. Ancaq bunların arxasında güclü dövlətlərin dayanması və bu dövlətlərin Azərbaycanın əleyhinə olaraq Ermənistan mənafelərini dəstəkləmələri durur. Mən qəti şəkildə düşünürəm ki, beynəlxalq təşkilatların qətnamələrinin bu cür icra olunmaması və Ermənistan-Azərbaycan problemlərinin həllində tutduqları mövqe belə formada həyata keçirilirsə, bu onların nüfuzunu aşağı salır. Artıq dünya ictimaiyyəti bunları dəqiq, düzgün bilir.
Artıq Qarabağ probleminin həlli yollarının öz xalqımzıın gücündə, prezidentimizin iradəsində, bütün dünya azərbaycanlılarının maraqları çərçivəsində görürük və bu yolda cənab prezidenti dəstəyik. Ona görə ki, artıq bu bu problemin həlli yolunda adekvat addımlar atmağın vaxtı çatıb. Artıq Ermənistana qarşı qəbul edilən qərarların həyata keçirilməsi barəsində onlara qarşı sanksiyalar tələb olunmalıdır. Əgər bu tələblər dünya dövlətləri tərəfindən qəbul olunmazsa, Azərbaycan xalqı, dünya azərbaycanlıları tərəfindən cavablar Ermənistandan istəniləcək, onun etdiyi hərəkətlərə qarşı adekvat addımlar atılacaq.
- Ermənilərin Azərbaycan ərazisi olan Xankəndidə aeroport tikməsinə və bu yaxınlarda İrəvandan Xankəndiyə reys təşkil edəcəyi və Sarkisyanın bu reysdə ilk sərnişin olacağı haqda bəyənatlara münasibətiniz necədir?
- Xankəndidə aeroport tikilməsində ilk məqsəd Azərbaycana axır vaxtlar münaqişənin həlli ilə bağlı cənab prezidentin çıxışları, eləcə də Azərbayacan xalqının belə bir addım atılarsa, buna qarşı hansı mövqe tutmalarını müəyyənləşdirməkdir. İkincisi də Ermənistan artıq dərəcədə özünə arxayın bir şəkildə Dağlıq Qarabağ, Azərbaycanla bağlı xarici siyasət aparır. Bu siyasətin də arxasında təbii ki, böyük güclü dövlətlər durur. Onların əli Ermənistanın üstündədir. Onları bu yola təhrik etməyə, dəstək verməyə, arxalaırnda durmağa sövq edən amillərdir ki, Ermənistan sərbəst hərəkət edir. Ancaq Ermənistan prezidentinin Xankəndiyə uçacaq təyyarənin ilk sərnişinin özü olacağı ilə bağlı çıxışı mənim üçün gülünc göründü. Çünki doğrudan da bu bu barədə Azərbaycanda dövlətinin öz mövqeyi var və heç bir hava qanunlarına uyğun olmayan formada həyata keçirilərsə, Azərbaycan dövləti öz hava məkanını qorumağı beynəlxalq standartlara uyğun formada edəcək. Eləcə də Azərbaycanın tərkib hissəsi olan Qarabağ hava məkanımızın pozulmasına imkan verməyəcəyik. Yəqin ki, bunu inkişaf etmiş dövlətlər də bilir. O ki qaldı, Azərbaycanın mövqeyi də bütün dünya ictimaiyyətinə məlumdur və mən inanıram ki, S.Sarkisyan heç vaxt onun birinci sərnişini ola bilməyəcək. S.Sarkisyanın birinci sərnişin olmasına imkan verməyən, müasir standartlar uyğun olan və öz hava ərazimizi düşmənlərdən qoruya bilən müasir texnika və silahlarımız var. Bu silahlar, texnikalarla yanaşı Azərbaycan xalqının birliyi, gücü və Heydər Əliyevçiliyə sədaqəti məhəbbəti var. Bütün bunlar bütövlükdə imkan verməyəcək ki, bizim öz ərazimizdə onların təyyarəsi ensin. Buna qarşı adekvat addım atılacaq və hər hansı bir təyyarənin qeyri-qanuni olaraq bizim işğal olunmuş ərazimizə enməsinə imkan verilməyəcək. Bunu birmənalı şəkildə hamı bilməli və Ermənistan prezidenti S.Sarkisyan da öz həyatını təhlükə qarşısında qoymamağa çalışmalıdır.
- Rəcəb Tayyib Ərdoğanın dünən AŞPA-nın Fransada keçirilən iclasında Azərbaycanı müdafiə xarakterli çıxışını necə qiymətləndirirsiniz?
- Bütün dövrlərdə Türkiyə-Azərbaycanın qardaşlıq dostluq münasibətləri yüksək olub. Hər zaman iki qardaş tük milləti olaraq qonşuluq zəminində yaşamışıq. Əsrlər boyu da bizim dostluğumuz pozulmayacaq. Çünki bizim dostluğumuzun,qardaşlığımızı tarixi kökləri var. Elə 1918-ci ildən də türklər erməni qırğınlarında, basqınlarında bizlərə öz qoşunları ilə kömək olublar. Bu gün də beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan ədalətsiz mövqeyin, məsələlərin həll olunmamasında Türkiyə dövlətinin də çox böyük narahatlığı var. Türkiyə dəfələrlə çıxışı edərək özünün xarici siyasətində də Azərbaycana qarşı dünya dövlətlərini diqqətli olmağa çağırıb, münaqişənin sülh yolu ilə həll olunmasını istəyib. Əks təqdirdə, Türkiyənin Azərbaycana müxtəlif sahələrdə yardımlar edəcəyi, onu bir millət iki dövlət kimi qoruyacağına təminat verib. Bu gün də o siyasəti davam edirlər. Ərdoğanın çıxışı da dünya ictimaiyyətinə bir daha sübutdur ki, doğrudan da Dağlıq Qarabağ Azərbaycana qaytarılmayınca heç bir Ermənistan Türkiyə əlaqələri mövcud ola bilməyəcək. Beynəlxalq təşkilatlaırn ikili standartları hamını bezdirib. O cümlədən Azərbaycanın doğma müttəfiqi olan Türkiyəni də bezdirməyə bilməz. Bizə qarşı aparılan ədalətsiz mövqe bu gün də öz həllini tapmayıb. Bu bir növ Ərdoğanın dünya ölkələrinin düzgün siyasət aparmalarına bir mesajı idi. Artıq bu problemin həlli yolunda ciddi addımlar atmağın vaxtı çatıb. Birmənalı şəkildə Azərbaycana hətta hərbi yardımlar belə lazım gəlsə. Türkiyənin onun arxasında dayandığını bəyan edən Ərdoğan bugün Dağlıq Qarabağ probleminin başqa formatda həyata keçirilməsinə hazır olduğunu da bəyan etdi. Bu da Azərbaycanın bu istiqamətdə gələcəkdə hansı addımlar atacağından çox şeyin asılı olduğunu bizə bir daha bəyan etdi. Güman edirəm ki, doğrudan da Dağlıq Qarabağa münaqişəsinin həlli istiqamətində biz Türkiyə kimi qardaş dövlətin dəstəyini bilməklə özümüzdə ikinci bir güc hiss etməliyik. Artıq ərazi bütövlüyü təmin etməyin vaxtı çatıb. Beynəxlaq təşkilatlarda ikili standartlardan çıxış etməyərək bu istiqamətdə qəti mövqelərini bəyan etməli, dünya xalqları da buna münasibətlərini bilməlidir. Bötövlükdə götürəndə türk və Azərbaycan gənc balalarının birlikləri də diasporları ərazi bütövlüyün təmin olunması istiqamətində öz mövqelərini biruzə verməlidirlər. Bu gün artıq Azərbaycan öz gücü qüdrəti, xalqının iradəsi ilə bu məsələni etmək zamanına yetib. Bütün xalqın yalnız bir arzusu var ki, o da torpaqların azad olunması, köçkünlərin hüquqlarının beynəlxalq səviyyədə təmin olunması, öz doğma torpaqlarında məskunlaşmasına gətirib çıxaran siyasətdir.
Ərdoğanın çıxışı bütün dünya azərbaycanlılarının, dünya türklərinin ürəyindən olan bir çıxış idi. Bu çıxışla Ərdoğan türk xalqlarının gözündə bir daha ucaldı. Onun vətəndaş mövqeyini də biz alqışlayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB