"Müharibədən keçmiş xalq üçün bunları ağıla gətirmək çətin idi" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan xalqının siyasi ideologiya cəhətdən biri-birindən fərqli olan kəsimlərinin əksəriyyəti İlham Əliyevin bu bəşəri təhlükələr fonunda Azərbaycanı çox uğurlu bir şəkildə problemlərdən çıxaracağına inanır. Hətta, çox açıq söyləyirəm ki, normal müxalif mövqeyi daşıyan, lakin, hakimiyyətin mövqeyini bölüşməyən insanlar da İlham Əliyevin xilaskarlıq missiyasına inanırlar". Bu sözləri SİA-ya özəl açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tətqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc ölkə Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubları ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, hazırda bəşəriyyətin qarşılaşdığı təhlükənin özünün xarakterinə və miqyasına görə tarixdə 100 ildən bir bənzəri olur və buna görə də ayrı-ayrı dövlətlərin rəhbərlərinin bilavasitə təmsil etdiyi milləti birləşdirmək, onu səfərbər etmək, real sosial-iqtisadi çağırışlara cavab vermək, gündəlik olaraq prosesləri nəzarətdə saxlamaq, komandanın vahidliyini təmin etmək, eyni zamanda bağlanan əlaqələri, iqtisadi münasibətləri gələcək dövr üçün yenidən bərpasına yönəlik zəmində formalaşdırmaq o qədər də asan sayılmaz:

"İndiki situasiya standart olmadığından burada hansısa nümunələr və məxrəclər, arxiv materialları hesabına böhran menecmentini əldə edə bilməzsiniz. Hətta qərb ölkələrinin özündə yüz illərdir gənclərə universitetlərdə öyrətdikləri idarəetmə sənədləri, böhranlı şəraitlərdə necə addım atmaq lazım olduğuna dair elmi xarakter daşıyan məcmuələrin ortaya qoyulması xüsusi nəticələr vermədi. Əksinə onların özü çox ciddi suallar və çağırışlar qarşısında qaldılar. İtaliyada və İspaniyada gördüyünüz kimi alimlər, ziyalılar ordusu, elmi mərkəzlər, tətqiqat institutları elə bil resept ortaya qoya bilmədilər ki, məlum şokları yaşamasınlar. Belə olan təqdirdə Azərbaycan Prezidentinin 90-cı illərdə böyük bir müharibə yaşamış, faciələr görmüş, soyqırımlardan keçən bir xalqı təkrarən özünün genetikasında, informativ yaddaşındakı bəlaları, faciələri qapadaraq, əksinə hazırkı müasir dövrdə çox hazırlıqlı millətlərdən daha öndə tutması tarixi bir hadisədir".

Sosial Tətqiqatlar Mərkəzinin təmsilçisi kimi Zahid Oruc vurğulayıb ki, biz bu haqda cəmiyyətin rəyinin necə olduğunu bilavasitə tətqiq etməyə çalışmışıq:

"Tətqiqatlar nəticəsində ortaya çox obyektiv nəticələr çıxıb. Bu da ondan ibarətdir ki, dünyanın bir sıra yerlərində liderlərin əla aldığı qərarların cəmiyyətin onlara münasibətini yüksək dərəcədə dəyişməsi kimi, Azərbaycanda da İlham Əliyevin nüfuzu bu cəhətdən əvvəlki illərdən qat-qat irəlidədir. Bu nəyin hesabına baş verib? İlk növbədə Çinin məlum vilayətindən sərhədləri yaran bütün dünya ərazilərinə yayılan virus fonunda Azərbaycanın coğrafiyasında məlum tədbirlərin alınması, yanvarın 24-dən ölkə rəhbəri tərəfindən hökumətə müvafiq tapşırıqların verilməsi ilə bağlıdır. Dərhal deyilə bilər ki, biz elə yanvarın 5-dən sərhəd bağlamalarına gedə bilərdik, lakin, əsla yox. Ona görə ki, cəmiyyət özü bu prosesə hazır olmalı idi. İndinin özündə küçə və meydanlara çıxan müəyyən sayda karantin rejimini pozan vətəndaşlarımızı biz bəzən mənəvi cəhətdən qınamağa çalışırıq. Təsəvvür edin ki, bu tədbirləri 3 ay əvvəl edirsiniz? Bütün hallarda buna itaət göstərməyəcək insanların sayı minlərlə olacaqdı. Digər tərəfdən xəbərdarlıq edilmədiyi şəraitdə xaricdən gələn və yaxud ölkəmizi tərk etmək istəyən yüz minlərlə insanların da qarşısına sədd çəkmiş olurduq ki, bu da çox böyük problemlərə səbəb olacaqdı. Belə olan təqdirdə alınan qərarlar, ardınca ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban Xanım Əliyeva tərəfindən bu şəraitdə insanların mənəvi psixoloji dünyasına hakim kəsilmək, onları daim ayaqda saxlamaq, birləşdirmək, ruhi dünyasına sahib olmaq, onların yanında olmaq, daha doğma və səmimi insani münasibətlər sərgiləmək çox önəmlidir".

Prezident İlham Əliyevin qəti bir şəkildə bu təhlükələrə baxmadan çox fərqli nümunələr ortaya qoyduğunu əlavə edən komitə sədri qeyd edib ki, fevral və mart ayında ölkə rəhbərinin daxildə baş tutan görüşlərinin hansı səviyyədə olduğuna diqqət yetirmək lazımdır:

"Qazax -Tovuz ərazisində sərhəd məntəqələrində ermənilər tərəfindən atəşkəsin daha kütləvi pozulması fonunda Prezitent İlham Əliyev Ali Baş Komandan olaraq o ərazilərə gedir. Bütün görüşlərdən sonra xalqın qarşısında Azərbaycanın ən müasir silahları görünür. Ardınca, Azərbaycanda müvafiq iqtisadi-sosial təminatlar yönündə işlər görülür. Artıq martın 19-dan sonra gördüyünüz kimi ölkə daxilində müxtəlif məhdudlaşdırıcı tədbirlər alınır və bunun paralelində tibbi strukturların hamısı səfərbər edilir. Mübarizənin və müharibənin ön cəbhəsinə çıxan həkimlərimiz də dövlət başçısı tərəfindən qoyulan bu tapşırıqlara yüksək dərəcədə əməl edir. Bunun fonda məlum işlərin görülməsi üzrə aprelin əvvəlindən 2,5 milyard manatı özündə ehtiva edən böyük proqramların icrasına başlanılır.

940 mindən artıq büdcədən bu və ya digər formada maaş və əməkhaqqıları alan insanlarımız, eyni zamanda müavinət alanlar və digər kateqoriyada olanları görməzdən gəlmək çox yanlış olardı. Bu kifayət qədər böyük maliyyə yükü deməkdir. Gördüyünüz kimi dövlət vətəndaşın sağlamlığının və təhlükəsizliyinin qayğısına qaldığı üçün onlar bu gün işə çıxmadan maaş ala bilərlər. 940 min insan az qala 1 milyona yaxın vətəndaşımızın dövlət tərəfindən çalışmadıqları və evdə qaldıqları dövrdə maaşlarının verilməsi misilsiz hadisədir. Bir daha söyləmək istəyirəm ki, müharibədən keçmiş bir xalq üçün bütün bunları ağla gətirmək çox çətin idi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə