Ödənilən məbləğ sərnişinlərə qaytarılıb RƏSMİ

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin satış kassalarından qabaqcadan alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.

SİA-nın məlumatına görə, bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, 3 mindən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb: "BBAK-dan qabaqcadan satış kassaları ilə, eləcə də onlayn qaydada alınan biletlərin qaytarılması prosesi artıq bir müddətdir ki, davam edir. İstisna hal kimi qeyd etmişdik ki, mövcud vəziyyəti nəzərə alaraq elan etdiyimiz günlərdə - 29-30-31 mart tarixlərində qabaqcadan satış kassaları vasitəsi ilə bilet alan sərnişinlərlə yanaşı, zərurət yaranarsa, onlayn qaydada bilet alan sərnişinlər də avtovağzala yaxınlaşaraq onlar üçün ayrılan xüsusi kassalardan biletlərinin məbləğini nağd şəkildə geri ala bilərdilər. Artıq qabaqcadan satış kassalarından alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb. Təqribən 3 mindən çox vətəndaşın bileti geri alınıb".

P.Məmmədova qeyd edib ki, hazırda 558 əməliyyat kodu üzrə onlayn qaydada alınan biletlərin geri qaytarılması prosesi davam edir: "Növbəti bir həftə ərzində onlayn qaydada alınan biletlərin də geri qaytarılması prosesinin sona çatdırılması planlaşdırılır. Mövcud vəziyyəti nəzərə alaraq, bir qədər gecikmələrin olması sərnişinlərdə heç bir narahatlıq yaratmasın. Biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...