Təşəkkür məktubları xalqımızın Prezidentinə olan sevgisindən irəli gəlir - ÖZƏL ŞƏRH

“Son günlər Azərbaycanın bir çox bölgələrindən cənab Prezidentə təşəkkür məktubların göndərildiyini müşahidə edirik. Təbii ki, bütün bunlar xalqımızın öz Prezidentinə olan sevgisindən irəli gəlir. Cənab Prezidentin xalqın sağlamlığını düşünməsi, onların həyat tərzinin yaxşılaşdırılması üçün addımlar atması, bu çətin zamanda xalqın yanında olması bu sevgini günbəgün artırır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, söyləyib ki, dövlət başçısı İlham Əliyev bu gün Azərbaycanın bütün resurslarını koronavirus pandemiyası ilə mübarizədə səfərbər edib: “Burda da yeganə məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Xarici ölkələrdə yaşayan 15 mindən çox azərbaycanlının dövlət xətti ilə ölkəmizə gətirilməsi və onların xüsusi karantin rejimi çərçivəsində 4 və 5 ulduzlu, yüksək xidmət səviyyəsi göstərən otellərdə yerləşdirilməsi və bütün bunların dövlət hesabına ödənilməsi xalqa bir daha Azərbaycan hökümətinin çətin zamanda onların yanında olduğunu göstərib. Yaradılan bütün bu şərait məhz cənab prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə həyata keçirilib. Bütün bunları da Azərbaycan vətəndaşları dərk edir və cənab Prezidentə öz təşəkkür məktublarını ünvanlayırlar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə