"Yaxın 3 həftədə koronavirusla mübarizədə yekun məhələyə çatacağıq" ÖZƏL - AÇIQLAMA

"Karantin qaydalarına ictimaiyyət tərəfindən riayət olunmağa davam edilsə yaxın 3 həftə ərzində koronavirusla mübarizədə biz yekun məhələyə gəlib çıxacağıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini deputatı Musa Quliyev Prezident İlham Əliyevin 9 aprel tarixində koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında Sərəncamı ilə bağlı danışarkən deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla ən uğurlu şəkildə mübarizə aparan ölkələr siyahısında Azərbaycanı xüsusilə qeyd edir və Prezident İlham Əliyev pandemiyanın dünyada yayılmağa başladığı ilk dövrlərdən lazım olan bütün tədbirlərin görülməsi haqda göstəriş verib:

"Bununla bağlı Operativ Qərargah yaradılmış, hər gün vətəndaşlar pandemiya ilə əlaqədar son vəziyyət haqda məlumatlandırılır. Ölkədə karantin rejimi elan olunub və ölkədə müasir tələblərə cavab verən yeni klinika Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılıb. Prezident orada vurğuladı ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, ölkədə görülən işlər vətəndaşların sağlamlığının və sosial rifahının təmin olunmasına xidmət edir. Ölkə Prezidentinin imzaladığı sərəncamlarla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, həmçinin pandemiyanın ölkədə törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə 1 milyard manat vəsait ayrılıb. Artıq bu vəsaitin xərclənməsi üzrə hazırlanan Tədbirlər Planı Baş nazir tərəfindən təsdiq olunub".

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin bir öncəki Sərəncamı da ölkədə koronavirusla mübarizədə yeni klinikaların yaradılması və bununla əlaqədar maliyyə vəsaitinin ayrılmasına yönəldilib:

"Dünənki Sərəncamda da ayrılan maliyyə vəsaiti bu klinikaların koronavirusla mübarizəyə cəlb olunması və digər klinikalarn maddi-texniki bazasının gücləndirilməsinə xidmət edir. Görülən işlərin müsbət nəticəsi kimi Azərbaycanda koronavirusla mübarizə əsasında infeksiyanın yayılması nəzarət altına alınıb. Hazırda ölənlərin sayı minimumdur. Artıq sağalma mərhələsi başlayıb. Bundan sonra onlarla insanın sağalmasına şahid olacağıq. Hesab edirəm ki, karantin qaydalarına ictimaiyyət tərəfindən adekvat münasibət bəslənilməyə davam edilsə yaxın 3 həftə ərzində koronavirusla mübarizədə biz yekun məhələyə gəlib çıxacağıq. Epidemiyanın ölkəyə ən az fəsadlarla aradan qaldırılmasına nail olacağıq".

Musa Quliyev əlavə edib ki, Sumqayıtda Bakı Tekstil Fabrikinin filialının açılması və orada artıq tibbi maskaların istehsalına başlanılması da müstəsna haldır:

"Burada ilkin mərhələdə gündə 130 min, sonrakı dövrdə isə gündə 250 min yerli istehsal olan maskalar vətəndaşlarımızın istifadəsinə veriləcək. Dezinfeksiyaedici maskalar artıq ölkədə istehsal olunmağa başlayıb. Həm maska istehsalı, həm də dezinfeksiyaedici maskaların istehsalı qısa müddət ərzində, cəmi 2 həftə ərzində icra olundu. Bu da dövlət və özəl sektor arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə