Uşaqları virusdan necə qoruyaq? ÖZƏL - AÇIQLAMA

"Tək başına heç bir qida bizi bu və ya digər xəstəliklərdən qorumur. Belə olduqda hansısa qidadan möcüzə gözləmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında tanınmış dietoloq Tutu Zeynalova uşaqları pandemiya ilə mübarizə dövründə virusdan qorumaq məqsədilə immun sistemini dəstəkləyəcək şəkildə qidalandırma formasından danışarkən deyib.

Məlum məsələdir ki, artıq ölkədə 2 yaşında uşaqda belə koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı məlumat verilib. Yəni, bu virus heç də deyildiyi kimi uşaqlara mərhəmətli yanaşmır.

Bu məsələ ilə əlaqədar dietoloq bildirib ki, balanslaşdırılmış qidalanma hər kəs üçün, o cümlədən uşaqlar üçün də keçərlidir:

Yuxu rejimi əsasdır!

"İlk növbədə, bu gün böyüklərlə yanaşı, uşaqların da yuxu rejiminin pozulması məsələsini qeyd etmək istərdim. Bu immun sisteminə çox mənfi təsir edir. Uşaqların yuxu rejiminə diqqət yetirmək lazımdır. Axşam saat 11-dən (23:00) gecə saat 4-ə (04:00) qədər yuxu çox vacibdir. Yaxşı olar ki, uşaqlarda bu rejimə riayət olunmasına diqqət ayrılsın. Bu həmçinin, böyüklər üçün də keçərlidir. Yuxu rejiminə mütləq şəkildə riayət olunmalıdır, əks halda bu da immunitetimizə mənfi təsir göstərir"

Fiziki aktivliyi təmin edin!

"Uşaqlar evdə olsalar belə onların fiziki aktivliyini təmin etmək lazımdır. Hər gün yarım saat fiziki məşqlər, rəqslər və idman hərəkətləri ilə onların immun sistemini dəstəkləmək lazımdır. Bununla yanaşı, su ehtiyacını təmin etmək də vacibdir. Xüsusilə də uşaqların maye ehtiyacını ödəmək, həmçinin rasionda sulu yeməklərə üstünlük vermək əsasdır. Buna görə də gündəlik olaraq şorbalar hazırlanmalıdır".

Uşaqlara tərəvəz yeməyi öyrədin!

"Bu gün bizim cəmiyyətdə uşaqların bir çoxları, "Fast food", hazır və paketlənmiş qidalardan istifadə edirlər. Bunlar da immun sisteminə mənfi təsir edir. Bu gün biz viruslarla yanaşı bir çox xəstəliklərə uşaqlarda da rast gəlirik. Buna görə də tərəvəzlərdən zəngin istifadə etməliyik. Hər gün 3-6 porsion meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər mütləq şəkildə mövsümü olmalıdır. Rənglər də çox önəmlidir. Uşaqların günlük meyvə-tərəvəz ehtiyacı nə qədər rəngarəng olsa bu bir o qədər orqanizmə faydalıdır. Bunlar həmçinin, immun sistemini də dəstəkləyəcəkdir.

Ətdən də imtina etmək olmaz!

"Proteyn qaynaqları çox önəmlidir. Protein qaynağı olaraq yumurta, həftədə iki dəfə balıq əti, ən azı 2 dəfə qırmızı ət (bunu 3-ə də çıxartmaq olar), 2-3 dəfə də toyuq ətindən istifadə oluna bilər. Həmçinin, kalsium mənbəyi olan süd məhsulları, evdə düzəldilmiş qatıq, ayran, yoqurtlardan istifadə etmək lazımdır. Çalışaq daha çox təbii qidalara üstünlük verək. Bu şəkildə balanslaşdırılmış qaydada qidalanaraq immun sistemimizi gücləndirə bilərik".

Tək başına hansısa qidadan möcüzə gözləməyin!

"Uşaqların yuxu rejiminə, fiziki aktivliyinə diqqət edərək, balanslaşdırılmış şəkildə qidalanmanı təmin edərək, həmçinin uşaqların olduğu otağı tez-tez havalandırmaqla onların immun sisteminə dəstək olmuş olarıq. Bunu da qeyd etmək lazımdır ki, tək başına heç bir qida bizi bu və ya digər xəstəliklərdən qorumur. Yəni, tutaq ki, "bunu yedim və mən xəstəlikdən özümü sığortaladım, virus mənə təsir etməyəcək" deyə bir düşüncə tərzi yalnışdır. Artıq vəziyyət o yerə gəldi ki, Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verdi və sarımsağın bizi koronavirusdan sığortalamadığını bildirdi. Sadəcə bu qidalar ədviyyatlar, tərəvəzlər və sarımsaq da öz növbəsində faydalıdır. Lakin tək başına hansısa qidadan möcüzə gözləmək olmaz".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...