Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq

2020-ci ilin mart ayında qarölçmə işlərini aparmaq məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində 28 marşrut üzrə ekspedisiyalar təşkil olunub. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarölçmə işləri zamanı hər bir marşrutda qar örtüyünün hündürlüyü və qarın miqdarı​ təyin olunduqdan sonra qarın sıxlığı və sululuğu müəyyən edilib.

Qarölçmə işlərinin nəticələrinə əsasən ​ bu il Böyük Qafqaz çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 69-84 faizini (2019-cu ildə normanın 68-115 faizini), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın ​78-83 faizini (2019-cu ildə normanın 110-121 faizini) təşkil edib.

Aparılan kompleks təhlillərə görə, bu ilin aprel-iyun ayları üçün gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına gözlənilən axımın çoxillik normanın 55-67, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 52-79, Araz çayından Araz su anbarına gözlənilən axımın isə normanın 45-65 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın yerli çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və az (81-102 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (42-80 faiz) olacağı gözlənilir.

Bu da respublika çaylarında ​ ötən il ​ gursululuq dövrü zamanı müşahidə olunan az sululuqla səciyyələnən vəziyyətə yaxındır.

Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar ​nəticəsində ​ Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, yaz-yay gursululuğuna dair hər il mütəmadi olaraq hazırlanan hidroloji proqnoz müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasına, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsinə, əhalinin, energetikanın, kənd təsərrüfatının su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Ölkəmizin çaylarında gursululuq dövrünün axımı əsasən çay hövzələrində (1000-3500 metr yüksəklik zonasında) qış dövrü ərzində toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə