Bakının 4 rayonunda icra edilən “Dərmanlara qarşı vərəm xəstələrinin müalicəsinə nəzarət” layihəsinin əhatəsi genişlənəcək

Bakının 4 rayonunda icra edilən “Dərmanlara qarşı vərəm xəstələrinin müalicəsinə nəzarət” layihəsinin əhatəsi genişlənəcək
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ötən ildən ölkədə "Dərmanlara qarşı vərəm xəstələrinin müalicəsinə nəzarət" layihəsi icra olunur. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şöbə müdiri Mətanət Qaraxanova məlumat verib. O bildirib ki, layihə Bakının 4 rayonunda–Nizami, Yasamal, Xəzər və Xətai rayonlarında icra olunur. Xəstələrin siyahısının "Milli vərəm proqramı"ndan götürüldüyünü deyən şöbə müdirinin sözlərinə görə, layihə çərçivəsində hər 4 tibb bacısının hərəsi 5 xəstəyə qulluq və ya nəzarət edə bilər.

"Yaxın gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Başqa rayonları da bu məsələyə cəlb etmək çox əhəmiyyətlidir. Həm Bakını, həm də respublikanın bütün regionlarından bu proqrama tibb bacılarının cəlb olunması çox vacibdir. Artıq cəmiyyətin rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırılıb. Milli Vərəm Proqramının verdiyi xəbərə görə, Azərbaycanın bütün regionlarında vərəmli xəstələr var. Bu vaxta kimi proqram çərçivəsində 4 tibb bacısının hərəsinin 5 xəstəyə nəzarət etdiyini nəzərə alsaq, ötən il 20 vərəmli xəstə müalicə olunub. Dərmanlarlın alınıb ölkəyə gətirilməsində Qlobal Fond da bizə yaxından köməklik edir", - deyə o əlavə edib.

M. Qaraxanova qeyd edib ki, ümumiyyətlə, Sağlamlıq günü, Vərəmlə mübarizə günü, Hemofiliyalı günündə əhalinin arasında təbliğatı ilə bağlı tədbirlər keçirilir, məktəblərdə yeniyetmələrlə, şagirdlərlə görüşlər təşkil edilir: "Bu zaman görürük ki, insanların bu barədə informasiyaları çox aşağı səviyyədədir. Yerlərə getmək, interaktiv söhbətlərin aparılması, mütəxəssislər tərəfindən suallara cavab verilməsi çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə