Pirallahıda koronavirusla mübarizədə fəallıq göstərilir FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin görülməsi məqsədilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində çoxmərtəbəli binaların girişi və ümumi istifadə olunan yerləri, eyni zamanda fərdi yaşayış evlərinin həyətyanı sahələri, mərkəzi küçə və məhəllədaxili yollarda dezinfeksiya işləri aparılmış və bu proses davam etdirilir. Rayon İH-dən SİA-ya verilən məlumata görə, gün ərzində 2-3 dəfə aparılan dezinfeksiya işlərinə cəlb olunmuş 60-dan artıq canlı qüvvə avtomaşınlar, xüsusi texnika və geyimlərlə təchiz olunmuşdur. Rayon mərkəzi olan Pirallahı qəsəbəsi ilə yanaşı rayonun Gürgən, Çilov və Neft Daşları qəsəbələrində də dezinfeksiya işləri ilə yanaşı digər profilaktik tədbirlər həyata keçirilir.

Elan olunmuş karantin rejimi müddətində yaşı 65-dən yuxarı olan rayon sakinlərinə sosial xidmətlərin göstərilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Partiyası Pirallahı rayon təşkilatında gənclərdən ibarət könüllülər qrupu yaradılmışdır. Pirallahı Rayon icra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə 200-dən artıq aztəminatlı ailəyə ərzaq və digər yardımlar göstərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyevin təşəbbüsü ilə öz şəxsi vəsaiti hesabına 50-dən artılq aztəminatlı ailəyə könüllülər qrupu üzvlərinin iştirakı ilə zəruri qida məhsullarından ibarət bağlamalar paylanmışdır. Rayon İcra Hakimiyyəti, aidiyyəti xeyriyyə təşkilatları və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən humanitar aksiyaların növbəti günlərdə də keçirilməsi nəzərdə tutulmuşdur.

Qəbul olunan tapşırıq və qərarların ictimaiyyətə çatdırılması və onlara ciddi əməl olunması istiqamətində Rayon Polis Şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xalqımızın sağlamlığı naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən qərar, tapşırıq və tövsiyyələri rayon ictimaiyyəti dəstəkləyir və onlara ciddi əməl edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...