İşsizlik statusunu kimlər və necə ala bilər? RƏSMİ AÇIQLAMA

“Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamının 10.2 bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 istiqaməti nəzərdə tutan tədbirlər Planı hazırlanmışdı. Bunlar da iqtisadi artım, sahibkarlığa dəstək, makroiqtisadi sabitlik və məşğulluğa, sosial rifaha dəstək tədbirləridir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluğa və sosial rifahla bağlı dəstək tədbirlərində ilk növbədə dövlət sektorunda işləyənlərin işdən çıxarılmasının, ixtisara verilməsinin qarşısının alınması, əmək məzuniyyətinə buraxılan işçilərin əmək haqlarının saxlanılması öz əksini tapıb”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O bildirib ki, nazirlik tərəfindən həyata keçiriləcək tədbirlər 9-10 min nəfərdən çox dövlət sahəsində işləyən işçiləri əhatə edəcək, qeyri-dövlət sahəsində işləyən 660 mindən çox vətəndaş üçün də bu nəzarət tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək ki, onların da işəgötürənlər tərəfindən əsassız yerə işdən çıxarılması və müvafiq olaraq əmək haqqısız qalmasının qarşısı alınmış olacaq.

Şöbə müdiri söyləyib ki, xüsusi karantin rejimində və ümumiyyətlə pandemiya dalğasından irəli gələrək iş yerləri itirmiş insanların dayanıqlı gəlir əldə etmək imkanlarının yaradılması üçün 50 minədək əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur: “Qeydiyyata alınan vətəndaşlara yaşayış minimumu -190 manat dəyərində iki aylıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulan tədbirlərdən biridir. Bununla yanaşı özünəməşğulluq proqramlarının BMT-nin İnkişaf Proqramı və Dünya Bankının dəstəyi nəticəsində 11 minədək artırılması, işsizlikdən sığorta daha geniş əhali təbəqəsini əhatə etməsi üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməsi nəzərdə tutulur. Bunun da nəticəsində işsizlikdən sığortanın 20 min nəfərədək artırılması mümkün olacaq”.

Qurum rəsmisi qeyd edib ki, xüsusi karantin rejimində işsizlikdən sığorta haqqını alıb başa çatdıran, lakin müvafiq işlə təmin edilməyən vətəndaşlara həmin sığorta ödənişləri davam etdiriləcək: “Yenə də hazırki vəziyyətlə əlaqədar olaraq peşə məktəbini bitirə bilməmiş müdavimlərə təqaüdlərin ödənilməsi davam etdiriləcək, ünvanlı sosial yardım alan lakin ödəniş müddəti mart ayında bitən ailələr üçün bu müddət aprelə qədər uzadılıb ki, bu da 4 minədək ailəni əhatə edir”.

B. Hüseynov vurğulayıb ki, “Məşğulluq haqqında” qanuna əsasən işsiz şəxs, işi və qazancı olmayan, əmək qabiliyyəti yaşda olan lakin işsiz statusuna malik olan şəxslərdir: “ Ötən ildən etibarən işsizlik statusunun verilməsi tam avtomatlaşdırılıb. Bunun üçün "Məşğulluq alt" sistemi yaradılıb. Həmin sistemə işsiz statusu almaqdan ötrü vətəndaşlarımız ilk növbədə e-sosial.az saytında qeydiyyatdan keçməlidirlər. Hazırki vəziyyətlə bağlı qeydiyyat prosesi də tam asanlaşdırılıb. Belə ki sayta daxil olmaqla heç bir qeydiyyatdan keçmədən “istiqamətlər” bölümündə məşğulluq istiqaməti, bu istiqamətdə də işsiz və işaxtaran xidməti seçilir və vətəndaş həmin xidmətdə işsizlik statusu ilə bağlı istəyini bildirir. Müvafiq bölümdə onun yoxlamaları elektron qaydada aparıldıqdan sonra bu statusun verilməsi məsələsinə baxılır”.

Birdəfəlik müavinətlərin kimlər üçün nəzərdə tutulmasına gəlincə şöbə müdiri qeyd edib ki, nəzərdə tutulan yardım bütün işsiz şəxslərə verilməyəcək: “Əgər ailə üzvünün (ər və ya arvad) hər hansı bir mənbədən heç bir gəliri yoxdursa, (bu əmək pensiyası, sahibkarlıq fəaliyyəti ilə bağlı əldə olunan gəlir, ünvanlı sosial yardım, əmək haqqı ola bilər) o zaman həmin şəxslərə iki ay 190 manat məbləğində vəsait ödəniləcək. Maliyyə yardımı nəğdsiz şəkildə banklar, poçt şöbələri vasitəsilə ödənilə bilər. Son günlər yanlış yayılan informasiyalardan biri növbəlilik prinsipinin olması ilə bağlıdır. Guya kim birinci növbəyə dursa, ona birinci veriləcək. Xeyr, belə bir prinsip yoxdur. Regionlar üzrə də işsizlik statusunun alınması ilə bağlı qrafik tərtib olunub. Ödəmələr isə hansı gün növbəyə durmağından asılı olmayaraq hər kəsə eyni zamanda ödəniləcək. Bu baxımdan vətəndaşlarımızı səbrlə, ehtiyatla davranmağa çağırıram”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə