"Tibbi maskaların istehsalına dəstək çox əhəmiyyətlidir" - ÖZƏL ŞƏRH

“Azərbaycanda qısa bir müddətdə tibbi maskaların istehsalına başlanılması təqdirəlayiq bir haldır. Cənab Prezidentin həmin müəssisənin açılışındakı çıxışı isə çox əhəmiyyətlidir. Hər gün tibbi maskalarla əlaqədar Azad İstehlakçılar Birliyinə 6-7 telefon zəngi gəlir və Azərbaycan bu müəssisənin açılması ilə əldə düzəldilən, standartlara uyğun olmayan maskalardan azad olacaq”. Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

AİB-in sədri bildirib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir: “Düşmən təxribatı kimi bazara milyonlarla saxta və insan sağlamlığına zərərli maskalar da daxil ola bilər. Ona görə də Azərbaycanda maska istehsalı çox labüddür və ölkədə maska qıtlığı problemi olub. Düşünürəm ki, yeni açılmış müəssisə bu problemi aradan qaldıracaq. Bu maskalar üzərində mütləq Azərbaycan istehsalı olduğu barədə nişan olmalıdır. Mən də Azad İstehlakçılar Birliyinin sədri olaraq 20 mindən çox üzvlərimiz olan bütün rayon təşkilatlarımıza məsləhət görəcəm ki, həmin nişan olan maskaları alsınlar”.

E.Hüseynov vurğulayıb ki, biz tibbi maskalarının qiymətinin süni şəkildə artırılımasını gördük. Düşünürəm ki, bu çox əhəmiyyətli bir istehsal müəssisəsidir və Azərbaycan hökuməti tibbi maskaların istehsalına başlanılmasına dəstək göstərməklə çox əhəmiyyətli addım atıb. Cənab Prezident bu məsələnin həlli ilə bir daha göstərib ki, əhalinin sağlamlığına xüsusi diqqət ayırır. Bu müəssisədə həmçinin tibbi əlcəklər də istehsal olunacaq. Əlcəklərin düzgün istifadə edilmədikdə virusun yayılmasına təkan verəcək ünsür olması ilə əlaqədar Azad İstehlakçılar Birliyinin fikirləri olub. Satış məntəqələrində də əlcəklərdən düzgün istifadə edilməməsini müşahidə etmişik. Düşünürəm ki, bu cür halların qarşısı alınmalıdır. Fikrimcə bu müəssisənin standartlara uyğun istehsal etdiyi tibbi maskalar daxili bazardakı tələbatı ödəyəcək, hətta Azərbaycan bu maskaları ixrac etmək imkanı da qazanacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...