Vaqif Əsədov: "Yollarda nəqliyyat vasitələrinin sayı azalıb" ÖZƏL - AÇIQLAMA
"Son günlərdə yollarda nəqliyyat vasitələrinin sayı azalıb və sürücü-polis münasibətlərində həmrəylik yaranıb". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov nəqliyyat vasitələrinin karantin rejimi qaydalarına nə dərəcədə riayət etdiyindən danışarkən deyib.
Polis polkovniki bildirib ki, ötən günlərlə nisbətdə yollarda nəqliyyat vasitələrinin sayı azalıb və "Evdə qal" kampaniyasına qoşulanların sayı artıb: "Əlbəttə ki, bu yaxşı göstəricidir. Ancaq təəssüflər olsun ki, bilmədim, tələsirəm, işim var, xəstəm var və digər bahanələr irəli sürməklə lüzumsuz hərəkət edənlərə də rast gəlinib. Bu sürücülərin hesabına bəzi yoxlama-buraxılma məntəqələrində nisbətən ləngimələr yaranır. Əgər hər bir sürücü bu tələbləri düzgün yerinə yetirsə hazırkı vəziyyətdə paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə qurulmuş stasionar postlarda, yəni yoxlama-buraxılma məntəqələrində lüzumsuz ləngimələr baş verməz".
Vaqif Əsədov qeyd edib ki, əgər karantin qaydalarına bu cür riayət olunmağa davam edilsə virusun qarşısını tezliklə almış olarıq: "Etiraf etmək lazımdır ki, sürücü-polis münasibətlərində həmrəylik yaranıb. Bu da yaxşı göstəricidir. Çox güman ki, qeyd edilən tarixə qədər virusun yayılma ehtimalının qarşısı alınar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB