Sahil Babayev: "Sosial məsələlərə dair dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub" - AÇIQLAMA

Pandemiyanın ölkə iqtisadiyyatına, məşğulluğa, sosial sahəyə vurduğu zərərin aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Bununla bağlı 4 işçi qrup yaradılıb. Hər bir istiqamət üzrə tədbirlər planı hazırlanıb. Aprelin 4-də Baş Nazir Əli Əsədov həmin tədbirlər planını təsdiq edib. Ümumilikdə məşğulluq, sosial məsələlərə dair dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub. Bu da 1 milyon 900 min vətəndaşı əhatə edəcək. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır. Bu məbləğin 100 milyon manatı dövlət büdcəsindən, 203 milyon manatı Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə işsizlikdən sığorta fondundan istifadə ediləcək. Hazırda dövlət büdcəsi ilə yanaşı, dövlət qurumlarının bütün ehtiyatları da bu istiqamətlərə səfərbər olunur.

S.Babayev qeyd edib ki, Bütün dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycanda bir sıra məhdudiyyətlərə səbəb olub: "Bununla bağlı çoxsaylı addımlar atılır. Təəssüf ki, yoluxma sürətlə davam edir. Pandemiya hər birimizin həyatına təsir edib. Mənfi təsirlərin aradan qaldırılması üçün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən addımlar atılıb. Karantin rejiminə nə qədər ciddi yanaşsaq, o qədər tez müsbət nəticə əldə etmək mümkün olacaq. Əks halda, virusun yayılma sürəti azalmaya bilər ki, bu da karantin rejiminin uzanmasına səbəb olacaq. Bunun da mənfi təsirləri kifayət qədər çox olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə