Sosial şəbəkələrdə birdəfəlik ödəmə ilə bağlı yayılan yanlış məlumatla bağlı RƏSMİ AÇIQLAMA

"Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir". Bu barədə SİA-ya Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

O bildirib ki, müvafiq qeydiyyat prosesi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir. (Ətraflı məlumat: http://sosial.gov.az/post/3318) icaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir".

E. Niftəliyev bir daha bildirib ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə