Əli Orucov: "Qarşılıqlı ittihamlarla, qarşıdurmalarla, radikalizmlə heç nəyə nail olmaq mümkün deyil" - MÜSAHİBƏ

Əli Orucov: "Qarşılıqlı ittihamlarla, qarşıdurmalarla, radikalizmlə heç nəyə nail olmaq mümkün deyil" - MÜSAHİBƏ

Müəyyən dönəmlərdə bir-birinə qarşı düşmənçilik mövqeyində olan müxalifət partiyaları bu gün səmimi obraz yaratmağa çalışırlar. Təbii ki, cəmiyyətin diqqətindən heç də kənara qaça bilməyən bu cür yanaşmalarla bağlı bizim də, mətbu orqan olan araşdırma aparmaq doğru olan ictimai müzakirəyə çıxarmaq vəzifəmizdir. Aşağıda geniş oxucu auditoriyasına təqdim olunan iki fərqli müsahibədən də, nəticə çıxarmaq düşünürük ki, bir o qədər də çətin olmayacaq.
 

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov SİA-ya verdiyi müsahibəsində də, qeyd etdiyimiz məsələlərə aydınlıq gətirməyə çalışsa da, reallıqdan qaçmağın nə dərəcədə mümkün olmadığını görmüş oldu.

 

- Əli bəy nə baş verdi ki, Əli Kərimovun, İsa Qəmbərovun və digərlərinin yaratmış olduğu bütün təşkilatlara sabun köpüyü kimi baxırdınız. Amma sonda həmin şəxslərin yaratdığı təşkilatın çətiri altında birləşdiniz?

 

- O təşkilatı onlar yaratmadı, onun yaradılmasında AMİP-in də xüsusi rolu var. Məhz "İctimai Palata"nın yaradılması haqqında təşəbbüs də, AMİP-dən gəlmişdi. Ona görə də, burada hansısa bir qurumun çətiri altında birləşmək, bir yerdə olmaq kimi təqdimatın tərəfdarı deyiləm. Çünki son parlament seçkilərindən sonra ölkədə yeni bir situasiya yarandı. Müxalifət partiyaları bütün proseslərdən uzaqlaşmalı oldular. Yəni bu, təbii ki, mövcud problemlərin üzərinə daha yeni bir problemlər əlavə etdi. Buna görə də, düşünmək olar ki, hələ hər şey tükənməyib. Ona görə də, qüvvələr arasındakı münasibətləri sivil qaydada yoluna qoymaq mümkündür. Amma təbii ki, buna müəyyən səylər də olmalıdır. Yəni qarşılıqlı ittihamlarla, qarşıdurmalarla, radikalizmlə heç nəyə nail olmaq mümkün deyil. Əksinə, bu zərbənin acısını xalqımız çəkmiş olacaq.
 

- Əli Kərimovla üzbəüz əyləşərkən bir vaxtlar mətbuata belə onun haqqında dediyiniz açıqlamalar yadınıza düşmür ki?

 

- Mən o vaxt mövcud olmuş "Azadlıq" blokunun fəaliyyəti haqqında fikirlər bildirmişdim və oradakıları hədəfə almışdım. İndi də, o fikirdə qalıram ki, o təşkilat mövcud situasiya və hadisələrə adekvat deyildi. Ona görə də, fakt da özünü çox gözlətmədi və "Azadlıq" bloku dağıldı.

 

- Siz bir vaxt qeyd etmişdiniz ki, Əli Kərimov "Azadlıq" blokunun axırına çıxacaq. İndi necə düşünürsünüz. O, "İctimai Palata"nın da axırına çıxa biləcəkmi?

 

- Bu gün "İctimai Palata"dan kimsə çıxıb getsə belə o problem olmaz. Çünki burada partiyalar deyil ayrı-ayrı qüvvələr təmsil olunur. Yəni burada QHT nümayəndələri, keçmiş namizədlər var. Bu baxımdan da, kiminsə, burada əsas rol oynamasını demək çətindir. 

 

- Ə.Kərimov bir tərəfə, İsa Qəmbərovla sizin partiyanın lideri Etibar Məmmədovun münasibətini bilə-bilə onlarla səmimi əməkdaşlığınız necə mümkün ola bilər?

 

- Ümumiyyətlə, siyasətdə səmimi əməkdaşlıqdan söhbət aparmaq sadəlövlükdür. Çünki partiyaların maraqları, hadisələrin gedişinə uyğun adekvat cavabları var. Ona görə də, hansısa partiya ilə bu gün səmimi əməkdaşlığın sonu necə olacağını demək çox çətindir.

 

- Prosesi sona qədər proqnozlaşdırmadan düşmənlərinizlə necə razılığa gəlib, bir arada olursunuz?

 

- Bizim Azərbaycan cəmiyyətində düşmənlərimiz yox rəqiblərimiz var.

 

- Siz də bilirsiniz ki, E.Məmmədov bir vaxtlar hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyünə qarşı ən sərt mövqedə dayanmışdı və bu sonra da davam etmişdi. Partiyanızın liderini Böyük Britaniyaya göndərdikdən sonra mövqeyinizdə niyə dəyişiklik etdiniz?

 

- Bəli, zaman-zaman partiya və liderlər arasında sizin sadaladığınız münasibətlər olub. Bunu da, təbii ki, zamanın, proseslərin və hər kəsin öz vicdanının öhdəsinə buraxmışıq. Amma zamanın diqtə etdiyi məqamlarda bu inciklikləri əsas götürüb hər şeyə biganə qala bilmərik.

 

- Bundan sonra Ə.Kərimovla İ.Qəmbərovun sizə qarşı normal davranacağına dair bir qarantiya
almısınızmı?

 

- Bu gün heç kəs, heç kəsə qarantiya verə bilməz. Biz müxalifətin əməkdaşlığında maraqlıyıq. Hər hansı bir partiya isə sabah ideyalardan və müəyyənləşmiş yoldan sapınacaqsa, təbii ki, biz ona əlvida deyəcəyik.
- Sonda onlar sizin bu münasibətləri pozmaqda ittiham etsələr, bəs necə olacaq?

 

- Bu, o şəxslərin öz ixtiyarında olan bir məsələdir. Biz kiminsə şəxsiyyətinin keyfiyyətinə dair bir qarantiyaya malik deyilik.

 

- Yəni düşünürsünüz ki, zaman sizlərin siyasi mövqeyinizdə, iradənizdə böyük amildir...

 

- Təbii ki, hər bir şəraitə, prosesə uyğun addımlar atılır. Ola bilər ki, bizim maraqlarımız bu gün üst-üstə düşürsə, sabah hər hansı bir fikirlərimizdə isə ziddiyyət yarana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə