Cəmiyyət özünü müdafiə etməyə məcburdur TƏHLİL

Karantin, yaxud evdə qalmaq tapşırığı gəzinti və əyləncə üçün deyil. Bu virusun ötürülməsi zəncirlərini pozmaq üçündür. Bir sözlə insanlar həyati şərtlərdən başqa evdə qalmalı, qoyulan qaydalara əməl etməlidirlər.

Vətəndaşların işdən uzaqlaşdırılması, ictimai yerlərdən təcrid edilməsi onların evdə qalmaları üçün nəzərdə tutulub, başqa məqsədlər üçün yox. Bu məzuniyyət, istirahət və yaxud hansısa başqa məqsəd daşımır. Lakin, bəzən insanlar işə getmədiklərindən, evdə qaldıqlarından sui istifadə etməyə çalışırlar. Bir çoxları bu vəziyyətdən gəzinti, piknik kimi istifadə etməyə can atır. Kimlərsə bu dırnaqarası imkanlardan yararlanmaq kimi bir niyyət güdür və hətta gəzinti üçün istifadə edir. Lakin dərk etmək istəmirlər ki, bununla infeksiyanın yayılmasına, daha böyük areala sahib olmasına özləri öz xoşları ilə şərait yaradırlar. Çünki, məhz belə bir məsuliyyətsizlik insandan insana ötürülən bu virusun hüdudları aşmasına əsaslı zəmin yaradır. Bəlkə də elə buna görə ölkə ərazisində bir əlin barmaqları sayda olan yoluxanların sayı bu qədər artdı.

Görünür məhz bu səbəbdən də qadağaları sərtləşdirməsinə ehtiyac duyuldu və indiki vəziyyətdə bu ən prioritet məsələdir. Proiritet olmaqla yanaşı həm də qaçılmaz məsələdir və ən doğru yoldur. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, virusun, infeksiyanın ilk dəfə yayıldığı Çində bu qaydalara ciddi riayət edildiyindən qısa bir zamanda ölkə sözügedən xəstəliyin öhdəsindən necə gəldi. Bu ölkədə infeksiyaya qarşı birlik nümayiş etdirildi. İnsanlar evlərdən çölə çıxmadılar. Mənzillərin qapıları qarşısında qoyulan spirt və salfetlərdən mənzilin qapısına toxunan hər kəs istifadə edir, özlərini və mənzil sahiblərini də mövcud təhlükədən, yoluxma riskindən mühafizə edirdilər. Bir sözlə, qeyd etdiyimiz virusun ötürülməsi zəncirlərini pozmaq üçün əllərindən gələni edirdilər və buna nail oldular da. Artıq karantin rejiminə bir vaxtlar ciddi yanaşmayan Avropa ölkələri bunun acı nəticələrini gördü və hər biri ayrı-ayrılıqda virusun ilk yayıldığı və yoluxma statistikasına görə liderlik edən Çini qabaqladı. İndi Qoca Qitədə virusun yayılma arealı və yoluxma statistikası Hubey əyalətindən, Uhandan, Çindən də dəfələrlə yuxarıdır. Səbəb isə Çinin etdiyi kimi, qaydalara riayət etməmək və Ümumdünya Səhiyyə Təşkilatının Pandemiya kimi tanıdığı bu vəziyyətə dırnaqarası yanaşmaq oldu.

Birləşmiş Ştatların özündə belə laqeyid yanaşma səbəbindən vəziyyət hər yerdə olduğundan daha gərgindir. Bir zamanlar bu ölkəyə yön alan gəmidə bir neçə nəfərin bu virusa yoluxduğu, ümumilikdə isə cəmi bir neçə yoluxmuş insanın olduğu bildirilən ABŞ indi Avropa ölkələrini də yoluxma statistikasına görə qabaqlayır. Ştatlar prezidenti Donald Tramp özü də kifayət qədər laqeyidlik nümayiş etdirərək vəziyyətin gərginləşməsinə, yoluxma hadisəsinin armasına bir növ şərait yaratdı. Hətta bu səhvini sonradan etiraf da etdi. Nəticədə isə bu səhv, yəni laqeyidlik bütün amerikalılara baha başa gəldi və ciddi yoluxma hadisəsi ilə nəticələndi.

Rusiya Federasiyanın özündə də bu gün, məsələn əksər qurumlarda qida xidməti çatdırılma rejiminə keçib, kafe və restoran salonları bağlanıb. Küçələrdə vətəndaşların olmasına icazə verilmir. Ölkə paytaxtında daha ciddi rejim tətbiq olunur. Ancaq bu heç də yetərli sayıla bilməz. Çünki, dünyada sərhədlərin bağlanması prosesi başlayanda minlərlə Rusiya vətəndaşı bütün dünyaya istirahət və alış-veriş üçün səpələnirdi. Heç bir vətəndaş, heç Rusiya hökuməti özü də bu vəziyyətə ciddi yanaşmırdı. Nəticə isə göz qabağındadır. Rusiyanın özündə də vəziyyət acınacaqlı haldadır. Xəstəliyin böyük sürətlə yayılmasının qarşısını almaq müşkülə çevrilib. Hal-hazırda Rusiyanın da yoluxma və ölüm hadisələrinə görə liderlik edəcəyi proqnozlaşdırılır. Bütün bunlarla yanaşı, bir zaman qeyd etdiyimiz istirahət və alış-veriş üçün səpələnən Rusiya vətəndaşları da ölkə üçün problemə və real təhlükəyə çevrilib. İndi Rusiya hökuməti xarici orqanlarla evakuasiya üçün xüsusi uçuşlara icazə vermək üçün danışıqlar aparmalıdır. Bu həm də ciddi, real təhlükə və yeni bir risk deməkdir.

Cəmiyyəti nəzərə almadan məhdudiyyətsiz fərdi azadlıq son dərəcə cəlbedicidir. Lakin bu cəlbediciliyə tabe olmaq insan cəmiyyəti üçün xarakterik olmamalıdır. Çünki, əks halda nəticələr daha pis ola bilər. Qarşılıqlı əlaqə zənciri virusun ötürülməsi zəncirlərinə çevrilər və yoluxmanın qarşısını almaq mümkünsüz olar. Buna görə də cəmiyyət sadəcə özünü düşünənlərə qarşı özünü müdafiə etməyə məcburdur. Karantin pozuntusuna və bir çox digər qadağalara məhəl qoymayanları cəzalandıran qanunlar paketinin qəbul edilməsi ən doğru yoldur. Heç şübhəsiz ki, cəmiyyəti mühafizə edən qanunların, qaydaların, eyni zamanda müvafiq qadağaların tətbiqi pandemiyadan sonra da tətbiq olunması ən doğru seçimdir. Çünki, təhdidlər fərqli ola bilər. İnsan cəmiyyətinin məhz qadağalara, normalara riayət etməməsi səbəbində planetin çirklənməsindən tutmuş, atmosferin zəhərli qazlarla zənginləşdirilməsinə qədər zərərli təsirlər mövcuddur ki, bunun da acı nəticələri çoxdan proqnozlaşdırılırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...