Aydın Hüseynov: “Ölkədə aparılan düzgün pul, kredit siyasəti sayəsində inflyasiya birrəqəmli səviyyədə saxlanılır”- MÜSAHİBƏ (SƏS TV)

Aydın Hüseynov: “Ölkədə aparılan düzgün pul, kredit siyasəti sayəsində inflyasiya birrəqəmli səviyyədə saxlanılır”- MÜSAHİBƏ (SƏS TV)

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, iqtisadçı ekspert  Aydın Hüseynovun SİA-ya müsahibəsi:

- Prezident İlham Əliyevin sədrliyi ilə 2011-ci ilin birinci rübünə dair Nazirlər Kabinetinin iclasını necə şərh edərdiniz?

- Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübündə sosial-iqtisadi nəticələrə dair iclasda ölkə başçısı ilk növbədə ölkə iqtisadiyyatının birinci rübdəki bütün sahələrinə toxunub və eyni zamanda təkcə iqtisadiyyatla bağlı deyil, ölkəmizin xarici siyasəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini bildirib. İlk növbədə istəyərdim ki, iqtisadi sahəyə toxunaq. Geniş nitqdə deyildiyi kimi ölkə iqtisadiyyatı birinci rübdə 1.6 dəfə artıb. Lakin qeyri-neft sektoru 5.6 dəfə artıb. Mən istəyərdim ki, bu məsələyə aydınlıq gətirək. Ümumilikdə ölkə iqtisadiyyatında aparılan islahatların başlıca xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat bir sahədən, xüsusilə də neft amilindən asılı olmasın. Bu isə prezident İlham Əliyevin qeyd etdiyi kimi bu sahəyə dair görülən işlərin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru 5.6 dəfə artıb. Ümumilikdə ölkədə sənayə üzrə artım 0.3 faizdir. Ancaq qeyri-neft sənayesində isə 9.8 dəfə artım qeyd olunub. Neft faktoru böyük bir faktordur, ondan bir sərvət olaraq biz lazımınca bəhrələnirik. Ümumilikdə bu sərvət bizim milli maraqlarımıza xidmət edir və biz ondan əsl sərvət kimi istifadə edirik. Bununla yanaşı iqtisadiyyatımızın digər sahələrinin də inkişafı mütləqdir. Yadınızdadırsa, dünyada baş verən qlobal maliyyə böhranın başlıca səbəbi dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir. Bizim ölkədə bu hiss olunmadı. Bu isə əvvəlcədən görülən tədbirlərin nəticəsi idi. Bununla belə o məntiqə gəlmək istəyirəm ki, dünya bazarında neftin qiyməti artıb azala bilər, biz bütün iqtisadiyyatımızı onunla kökləsək, bu bizdən ötəri hansısa formada tez-tez iqtisadi siyasətimizi neftə uyğun olaraq dəyişməli olarıq. Lakin qeyri-neft sektorunun eləcə də qeyri-sənaye sahələrinin inkişaf etdirilməsi bu amilin aradan qaldırılmasına xidmət edir.

- Bildiyiniz kimi iqtisadçılar, ekspertlər bu il inflyasiyanın birrəqəmli olmasını proqnozlaşdırırlar. Həqiqətənmi Azərbaycanda da inflyasiya bir rəqəmli olacaq?

- Ölkəmizdə birinci rüb ərzində inflyasiya 9.1 faizdir. Lakin əhalinin əmək haqqındakı artım, pul gəlirlərinin artımı isə 16 faizdir. Əhalinin pul gəlirləri artdığı üçün o inflyasiyanı qabaqlayır. İnflyasiyanın ümumiyyətlə, birrəqəmli olması iqtisadiyyatın yazılmamış qanunudur. Yəni bütün ölkələrdə birrəqəmli inflyasiya normal qəbul olunan haldır. Dediyimiz kimi, ölkədə aparılan düzgün maliyyə, pul, kredit sahəsi sayəsində inflyasiya birrəqəmli səviyyədə saxlanılır. Bu normal hal sayılır. Ən başlıca məqsəd Mərkəzi Bankın verəcəyi və Azərbaycan hökümətinin düzgün şəkildə apardığı pul, kredit siyasəti bu inflyasiyanı daim nəzarətdə saxlayır və ikirəqəmli olmasına imkan verilmir.

- Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni mərhələsi başlanıb. Bunu ilkin mərhələdə əldə olunan uğurlu nəticələrlə əlaqələndirə bilərik?

- Ümumiyyətlə, ulu öndərin apardığı siyasətin ən başlıca prinsiplərindən biri korrupsiya və rüşvətxorluğa qarşı mübarizə olub. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda Kommunist Partiyasının birinci katibi, yəni ölkənin faktiki rəhbəri seçildiyi bir dövrdən başlayaraq hər zaman neqativ hallara qarşı mübarizə aparıb, indi həmin siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu artıq hər hansı bir kampaniya yox, ölkə başçısı tərəfindən qarşıya qoyulan konkret məqsəd və aparılan siyasətdir. Mən inanıram ki, bu hal aradan qaldırılacaq.

- Ölkə başçısının əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması ilə əlaqədar bir sıra sərəncamları və fərmanları olub. Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətinin dönməzliyi kimi qiymətləndirə bilərikmi?

- Bəli. Ümumilikdə dövlət büdcəmizin tərkibində sosial tədbirlərə ayrılan hissə daha çoxdur. Büdcəmizin özü sosial yönümlü büdcədir. Bu da onu göstərir ki, dövlətin aparıdğı siyasət birbaşa sosial yönümlü siyasətdir və ölkə əhalisinin rifahının yaxşlaşıdırılmasına yönəlib. Prezidentin bir neçə gün bundan qabaq 2006-cı ilə qədər təqaüdə çıxan şəxslərin təqaüdlərinə yenidən baxılması ilə bağlı Sərəncam imzalayıb. Bu isə bir daha onu göstərir ki, ölkə prezidenti bütün kateqoriyalardan olan insanların qayğısına qalıb, diqqət yanaşmaqla belə xüsusilə aztəminatlı insanların və təqaüdçülərin dövlət siyasətinin tərkib hissəsi olaraq onlar üçün də şərait yaradılması qarşıya qoyulan məqsədlərdən biridir. Bundan əlavə dövlət büdcəsinə yenidən baxılacaq, belə olan halda iri layihələrin həyata keçirilməsi ilə yanaşı, əmək haqlarının artırıması da nəzərədə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə