Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları niyə artır? - SƏBƏBLƏR

Son günlər Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. SİA-nın verdiyi məlumata görə, aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var.

Birincisi, ilkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb.

İkincisi, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb.

Üçüncüsü, koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxmasl 28 günədək çəkə bilər.

Dördüncüsü, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir.

Beşincisi, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır.

Regionun digər ölkələrinə nəzər yetirək. ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, bu günə olan məlumata görə, 1 ölüm faktı qeydə alınıb.

Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir.

Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır.

Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə