DİN karantin rejimidə vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələri ilə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.

Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə alması məsələsinə gəlincə, bildirilib ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.

O da qeyd olunub ki, xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...