Həyata keçirilən tədbirlər ölkəmizdə iqtisadi dinamizmin təmin edilməsinə yardımçı olacaq - ÖZƏL ŞƏRH

“Azərbaycan koronovirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır. Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilməkdədir. Elə hazırda ölkəmizdəki real vəziyyət də epidemiyanın daha çox yayılması təhlükəsinin nazarət altında saxlanıla bildiyindən xəbər verir. Ancaq nə qədər ki, vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzu olunan səviyyədə deyil, o qədər də evvektiv nəticədən danışmaq tezdir. Ona görə də qarantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevirilməlidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, sosial məsuliyyət və sosial təcridolunma yaxud özünü sosial təcridetmə hazırki mərhələdə koronovirusa qarşı ən effektiv dərman kimi başa düşülməlidir: “Ancaq təəssüf ki, bəzən hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var. Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və düşünürəm ki, bu öz nəticəsini verəcək. Ancaq ehtiyac yaranarsa, daha da sərt tədbirlərin alınması mütləq nəzərdə tutulmalıdır. Azərbaycan dövləti təhlükəni minimizə etmək üçün kompleks tədbirlər həyata keçirir. İqtisadi blokda həyata keçirilən tədbirlər də bura daxildir”.

H.Babaoğlu bildirib ki, epidemiya sosial sferada ciddi fəsadlar yaratdığı qədər iqtisadi sektorda da böyük zərərlərə yol açı: “Bu istiqamətdə önə çıxan əsas problemlərdən biri də sosial təminatı zəif olan təbəqənin və sahibkarlığın dəstəklənməsi məsələsidir. Hazırda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb. Buraya sahibkarlığın dəstəklənməsindən başlamış vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin kommunal limitlərinin artırılması və.s kimi bütöv bir paket daxildir . Paketin icrası nəticəsində 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Həyata keçirilən bu tədbirlər sübhəsiz ki, ölkəmizdə iqtisadi dinamizmin təmin edilməsinə yardımçı olacaq və vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum azaldılmasına xidmət edəcək” .

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə