Azərbaycan model ölkədir - ÖZƏL ŞƏRH

“Azərbaycanda koronavirus əleyhinə tədbirlərin ardıcıl, sistemli, bir-birini tamamlayan və praktik nəticəyönümlü olduğunu son günlər qəbul edilmiş nisbətən sərt məhdudlaşdırıcı tədbirlər bir daha sübut edib. Müxtəlif şəhər və regionlar arasında gediş-gəlişin məhdudlaşdırılması, məqsədsiz və xaotik şəhər gəzintilərinə son qoyulması, evdən çox da zəruri olmayan çıxışlar üzərində məhdudlaşdırıcı nəzarət tədbirlərinin gücləndirilməsi və s. koronavirusla mübarizə şəraitinə görə ən səmərəli və operativ mübarizə üsullarıdır”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həyata keçirilən bütün tədbirlər virusun ən güclü tərəfi olan fiziki təmaslarla yayılma imkanlarını minimuma endirmək məqsədinə uğurla xidmət edir: “Müşahidələr göstərir ki, Azərbaycanda görülən işlər artıq həndəsi silsilə ilə yayıldığına şübhə edilməyən virusun qarşısını almağın ən təsirli üsullarıdır. Həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin virusla mübarizədə qarşıya qoyduğu əsas strategiyanı ən mükəmməl səviyyədə icra etməyə çox yaxın olduğunu göstərir. Dövlət orqanlarının məhdudlaşdırıcı tədbirləri hətta inzibati həbslər, cinayət işləri və cərimələr səviyyəsində icra etmək iradəsini nümayiş etdirməsi qəti deməyə əsas verir ki, ölkəmiz koronavirus bəlasını ən az itkilərlə dəf edə biləcək”.

A.Quliyev vurğulayıb ki, lakin bütün uğurların ən mühüm təminat şərtlərindən biri "Evdə qal" məhdudiyyətinə hamılıqla əməl edilməsidir: “Azərbaycanda koronavirusla mübarizənin yaxın və uzaq hədəfləri də, ona nail olmaq üçün üsullar da çox düzgün seçilib. Eyni vaxtda həm virusun yayılması üçün ən münbit şərt sayılan insanlar arası fiziki təmaslar minimallaşdırılır, həm iqtisadi proseslərin müsbət dinamikasının davamlılığı təmin edilir, həm də əhalinin həssas hesab edilən müəyyən təbəqələrinin sosial müdafiə tədbirləri ara vermədən həyata keçirilir. Miqyasına görə bütün bu çoxçeşidli və çoxhədəfli işlərin bir arada aparılmasını belə uğurla təmin edən ölkələr indi çox azdır və Azərbaycan bu mənada mübahisəsiz model ölkə sayıla bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə